Torpaq həyat beşiyimiz, ruzi yetirən eşiyimiz

08.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Aqrar layihələrin hədəfi bu əmanəti tükənməyən sərvətə çevirməkdir

Azərbaycanda kənd təsərrüfatının inkişafının diqqətdə saxlanılması, aqrar istehsalın müasirləşdirilməsi və fermerlərin fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi istiqamətində son illər davamlı tədbirlər həyata keçirilib. Bu proses zamanı sektorda mühüm prioritetlərdən biri kimi diqqətçəkən ənənəvi idarəetmə üsullarından rəqəmsal və innovativ modellərə tədricən keçid önə çəkilib. 

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiq imkanlarının genişləndirilməsi, subsidiya mexanizminin tam rəqəmsallaşdırılması, aqrar sığorta sistemində dövlət-özəl tərəfdaşlığı modelinə əsaslanan yeni idarəetmə mexanizminin yaradılması bu istiqamətdə həyata keçirilən mühüm islahatlar sırasında yer alır. Eyni zamanda, hazırda aqrar ixtisaslar üzrə ali təhsil alanların sayının daha da artırılması, müasir elmi biliklərin istehsalata tətbiqinə xüsusi əhəmiyyət verilməsi, “ağıllı istixana”ların yaradılması, sensor sistemlərindən, aqrodronlardan və digər innovativ texnologiyalardan istifadənin daha çox önə çəkilməsi kimi məsələlərin həllinə ciddi ehtiyac duyulur. 
Lakin müasir aqrar siyasətin qarşısında duran vəzifələr təkcə yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Kənd təsərrüfatının uzunmüddətli və dayanıqlı inkişafı üçün istehsalın struktur problemlərinin həlli də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan torpaq resurslarından səmərəli istifadə olunması, onun münbitliyinin qorunması, deqradasiyasının qarşısının alınması və əkin sahələrinin parçalanması probleminin aradan qaldırılması qarşıdakı dövrün əsas prioritetlərindən biri kimi çıxış edir.
Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair ­2026–2030-cu illər üçün Dövlət Proqramı” da məhz bu baxımdan mühüm strateji sənəd olaraq dəyərləndirilib. Proqramda aqrar və ərzaq sistemlərinin dayanıqlılığının artırılması ilə yanaşı, torpaq resurslarının qorunması, eləcə də onlardan səmərəli istifadənin gerçəkləşdirilməsi xüsusi istiqamət kimi müəyyənləşdirilib.
Mənim, sənin, hamının sərvəti 
Azərbaycan məhdud torpaq ehtiyatlarına malik ölkələr sırasında yerləşir. Bu səbəbdən kənd təsərrüfatı təyinatlı hər bir torpaq sahəsindən səmərəli istifadə edilməsi həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu, sözügedən sektorda əsas istehsal vasitəsi kimi qiymətləndirilir. 
Ona görə ki, sənayedə avadanlığı yeniləmək, köhnəlmiş texnologiyanı dəyişmək mümkün olduğu halda, torpaq ehtiyatını artırmaq mümkün deyil. Əksinə, torpağın münbitliyinin azalması, eroziya, şoranlaşma və digər deqradasiya prosesləri nəticəsində onun istehsal potensialı zəifləyir. Bu baxımdan onun qorunması təkcə kənd təsərrüfatının deyil, həm də ərzaq təhlükəsizliyinin narahatlıq doğuran əsas məsələlərindən biridir.
Azərbaycanda torpaqdan istifadənin səmərəliliyinə təsir edən problemlərdən biri də əkin sahələrinin parçalanmış strukturu ilə bağlıdır. Kiçik və bir-birindən uzaqda yerləşən torpaq sahələri müasir kənd təsərrüfatı texnikasının tətbiqini çətinləşdirir, istehsal xərclərini artırır və məhsuldarlığın yüksəldilməsi imkanlarını məhdudlaşdırır. Məsələn, fermerin bir neçə müxtəlif yerdə kiçik torpaq sahəsinə malik olması texnikanın hərəkəti, suvarmanın təşkili, məhsulun daşınması və digər əməliyyatlar üçün əlavə vaxt və vəsait tələb edir. Belə şəraitdə isə dəqiq kənd təsərrüfatı texnologiyalarının, irihəcmli müasir texnika və avtomatlaşdırılmış sistemlərin tətbiqi daha da çətinləşir. Məhz buna görə də yeni Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası mexanizminin yaradılması, eləcə də pilot layihə kimi tətbiqinə başlanılması nəzərdə tutulur.
Torpaq konsolidasiyası ayrı-ayrı kiçik və parçalanmış torpaq sahələrinin daha səmərəli istifadəsini reallaşdırmaq məqsədilə onların könüllü əsasda yenidən təşkil edilməsini nəzərdə tutur. Bu, sadəcə, müxtəlif torpaq sahələrinin mexaniki şəkildə birləşdirilməsi anlamına gəlmir. Müasir yanaşmada bu amil kənd yerlərinin kompleks inkişafı vasitəsi kimi qiymətləndirilir. Sözügedən proses – parçalanan torpaq sahələrinin birləşdirilməsi nəticəsində kənddaxili yolların yaxşılaşdırılması, suvarma və drenaj sistemlərinin yenilənməsi, istehsal infrastrukturunun təkmilləşdirilməsi kimi problemlər asanlıqla həll edilir. 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yanaşmasına görə, torpaq konsolidasiyası xüsusilə kiçik və səmərəsiz şəkildə parçalanmış, yəni ayrı-ayrı fermerlərə verilmiş əkinəyararlı sahələrin yaratdığı çətinliklərin aradan qaldırılmasında mühüm vasitədir. FAO bu prosesin könüllülük prinsipi əsasında aparılmasını və fermerlərin qərarların qəbulunda fəal iştirakını zəruri hesab edir. Bu təcrübə Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Çünki torpaq konsolidasiyası inzibati qərar olmaqla bərabər, həm də torpaq mülkiyyətçilərinin maraq və hüquqlarını önə çəkməklə reallaşdırılmasını nəzərdə tutur. 
Bu baxımdan Dövlət Proqramında nəzərdə tutulan pilot yanaşma xüsusi əhəmiyyət daşıyır. Belə layihələr müxtəlif bölgələrdə torpaq strukturu, təsərrüfatların ölçüsü, istehsal istiqamətləri və sosial xüsusiyyətlər nəzərə alınmaqla ən əlverişli modeli müəyyənləşdirməyə imkan verir. Torpaq konsolidasiyası dünya kənd təsərrüfatında da yeni təcrübə deyil. Qərbi Avropa ölkələrində bu mexanizmin tətbiqinə uzun illərdir ki, başlanılıb. 
FAO-nun məlumatına görə, bu coğrafiyada yerləşən əksər ölkələrdə ayrı-ayrı fermerlərə məxsus torpaq sahələrinin birləşdirilməsi və torpaq bankçılığı sahəsində zəngin təcrübə formalaşıb. Əvvəlcə bu mexanizmlərin əsas məqsədi torpaq sahələrinin parçalanmasının azaldılması və təsərrüfatların iqtisadi cəhətdən daha səmərəli ölçüyə çatdırılması olub. Sonrakı dövrdə isə torpaq konsolidasiyası daha geniş funksiyalar qazanıb.
Hazırda bir sıra ölkələrdə konsolidasiya kənd təsərrüfatının inkişafı ilə yanaşı, iqlim dəyişikliklərinə uyğunlaşma, təbiətin qorunması, meşə zolaqlarının salınması, su ehtiyatlarının idarə olunması və kənd infrastrukturunun yaxşılaşdırılması məqsədlərinə də xidmət edir. Bu yanaşmanın mühüm üstünlüyü ondan ibarətdir ki, torpaq məsələsi təkcə iqtisadi səmərəlilik baxımından qiymətləndirilmir. Eyni zamanda, bu məsələdə torpağın ekoloji vəziyyəti, biomüxtəlifliyin qorunması, su resurslarından səmərəli istifadə və kənd ərazilərinin sosial inkişafı da nəzərə alınır.
FAO-nun son illər “çoxməqsədli torpaq konsolidasiyası” anlayışı mühüm önəm daşıyır. Adıçəkilən qurumun bu modelinin Şimali Makedoniya və digər ölkələrdə tətbiqi su idarəçiliyi, iqlimə davamlılıq, təbiətin qorunması və infrastrukturun yenilənməsi kimi prioritetlərdə daha çox diqqət çəkir. Azərbaycan üçün də məhz belə kompleks yanaşma daha məqsədəuyğun sayılır. Ona görə də torpaq konsolidasiyası təkcə sahələrin böyüdülməsi ilə məhdudlaşdırılmır. Bu proses həm də suvarma sistemlərinin yenilənməsi, kənd yollarının yaxşılaşdırılması, torpaqların münbitliyinin artırılması və rəqəmsal kənd təsərrüfatı texnologiyalarının tətbiqi ilə əlaqələndirilir. 
Torpaq ümummilli əmanətdir
FAO-nun dəstəyi ilə ötən illərdə ölkəmizdə fermerlərə ayrılan torpaq sahələrinin birləşdirilməsi istiqamətində müəyyən təşəbbüslər həyata keçirilib. 2019-cu ildə qurumun Azərbaycanda bununla bağlı gerçəkləşdirdiyi layihə çərçivəsində Salyan rayonunun Şorsulu kəndində pilot yanaşma üzrə araşdırmalar aparılıb. Bu zaman fermerlərin torpaqdan istifadə vəziyyəti, mülkiyyət və qeydiyyat problemləri, torpaqların satışı, alınması, dəyişdirilməsi və icarəsi yolu ilə konsolidasiyada iştirak imkanları öyrənilib.
Bu göstərir ki, respublikamızda gələcək konsolidasiya proqramlarının həyata keçirilməsi üçün artıq müəyyən hüquqi və təcrübi baza mövcuddur. Yeni Dövlət Proqramı isə bu istiqamətdə daha sistemli və genişmiqyaslı fəaliyyət üçün əlverişli imkan yaradır. Əsas məsələ isə beynəlxalq təcrübəni mexaniki şəkildə ölkəyə köçürmək deyil. Bu proses zamanı Azərbaycanın torpaq münasibətləri, kənd təsərrüfatının strukturu, regionların xüsusiyyətləri və fermer təsərrüfatlarının iqtisadi imkanları nəzərə alınmaqla milli model formalaşdırılmalıdır.
Beynəlxalq təcrübənin ən mühüm dərslərindən biri isə torpaq konsolidasiyasının mülkiyyət hüququna hörmət və könüllülük prinsipi əsasında həyata keçirilməsidir. FAO-nun məlumatında da qeyd edilir ki, torpaq sahələrinin parçalanması bütün hallarda problem kimi qiymətləndirilməməlidir. Bəzi təsərrüfatların müxtəlif ərazilərində yerləşən torpaq sahələri istehsal risklərinin bölüşdürülməsinə və müxtəlif məhsulların yetişdirilməsinə imkan verə bilər. Buna görə konsolidasiya təkcə iqtisadi və texniki baxımdan əsaslandırıldığı hallarda tətbiq edilməlidir.
Bu baxımdan respublikada həyata keçiriləcək pilot layihələrdə hər bir ərazinin xüsusiyyətləri ayrıca qiymətləndirilməlidir. Taxılçılıq, pambıqçılıq və digər geniş ərazi tələb edən sahələr üçün uyğun birləşdirilmə modeli bağçılıq və intensiv kənd təsərrüfatı üçün eyni nəticəni verməyə də bilər. Fermerlərin maarifləndirilməsi bu prosesin mühüm tərkib hissəsidir. Hər bir sahibkar torpaq konsolidasiyasının məqsədini, onun iqtisadi üstünlüklərini və hüquqi mexanizmlərini aydın şəkildə bilməlidir.
Dövlət Proqramında torpaq konsolidasiyası ilə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunmasına da xüsusi diqqət yetirilməsi zəruri şərtlərdən biridir. Çünki torpağın sahəsi qədər onun keyfiyyəti də önəmlidir. Bu baxımdan bəzən münbitliyini itirmiş torpaq böyük sahəyə malik olsa belə, yüksək məhsuldarlığı ilə diqqət çəkmir. Buna görə müasir aqrar siyasətdə torpağın kəmiyyət və keyfiyyət göstəriciləri birlikdə qiymətləndirilir. 
Dövlət Proqramında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunması məqsədilə interaktiv nəzarət mexanizminin tətbiqi münbitliyin pozulması zamanı bərpayönümlü, yəni rekultivasiya tədbirlərinin həyata keçirilməsi mexanizminin yaradılmasını nəzərdə tutur. Bu istiqamətdə əkin sahələrinin aqrokimyəvi göstəricilər əsasında xəritələşdirilməsi və torpaq analiz sisteminin müasirləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir dünyada torpaq xəritəsi artıq sadəcə coğrafi məlumat deyil. Bu, həm də rəqəmsal texnologiyalar vasitəsilə torpağın kimyəvi tərkibi, qida maddələri, turşuluq səviyyəsi, şoranlaşma riski və digər göstəricilər barədə məlumatları bir sistemdə birləşdirməyə imkan verir.
FAO-nun SoilFER proqramı da məhz bu prinsiplərə əsaslanır. Proqram torpaq nümunələrinin götürülməsindən və laboratoriya analizindən başlayaraq rəqəmsal torpaq xəritələrinin hazırlanmasına, torpaq məlumat sistemlərinin yaradılmasına və fermerlər üçün qərarvermə vasitələrinin formalaşdırılmasına qədər bütün məlumat zəncirini əhatə edir. Bu modelin Azərbaycanda tətbiqi aqrokimyəvi xəritələrin sadəcə statistik məlumat bazası kimi deyil, eyni zamanda, fermerin gündəlik qərarlarına kömək edən praktik sistemə çevrilməsinə şərait yaradır. 

Vaqif BAYRAMOV
XQ

Ekspert rəyi
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı 

Yeni Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub. Bu proseslə bağlı ən çox müzakirə olunan məqam pay torpaqlarının vətəndaşlardan alınıb-alınmayacağı ilə bağlıdır. 
Qeyd edim ki, pay torpaqlarının heç bir halda vətəndaşlardan məcburi şəkildə alınması nəzərdə tutulmur. Konsolidasiya yalnız torpaq sahibinin razılığı əsasında həyata keçirilə bilər. Torpağın birgə istifadəyə verilməsi isə həmin sahəyə mülkiyyət hüququnun itirilməsi demək deyil.
Konsolidasiyanın əsas məqsədi xırda və parçalanmış torpaq sahələrini daha səmərəli təsərrüfat fəaliyyətinə cəlb etməkdir. Kiçik sahələrdə müasir suvarma sistemlərinin qurulması, texnikadan səmərəli istifadə və məhsulun maya dəyərinin aşağı salınması bəzən çətin olur. Sahələr birləşdirildikdə isə kombayn, traktor və digər kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə etmək, suya qənaət və məhsuldarlığı artırmaq imkanları genişlənir.
Məsələn, bir neçə fermer öz torpaqlarını könüllü şəkildə birgə istifadəyə verərsə, həmin sahələr vahid təsərrüfat kimi becərilir. Əldə olunan gəlirin bölüşdürülməsi isə bir qayda olaraq, birləşdirilən torpaqların ümumi sahədəki payına uyğun həyata keçirilir. Beləliklə, fermer torpağını itirmədən daha böyük təsərrüfatın imkanlarından yararlanır. 
Bu istiqamətdə Niderland, İsrail və Cənubi Koreya kimi ölkələrin təcrübəsinin öyrənilməsi də təsadüfi deyil. Həmin ölkələrin təcrübəsi göstərir ki, torpaqların daha səmərəli təşkil olunması kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və istehsal imkanlarının genişlənməsinə əlverişli şərait yaradır. 
Azərbaycanda aparılmış torpaq islahatının əsas prinsiplərindən biri olan ədalətlilik və vətəndaşın mülkiyyət hüququnun qorunması bu prosesdə də əsas götürülür. Buna görə də konsolidasiya torpağın sahibindən alınması deyil, torpaq sahibinə öz sahəsindən daha səmərəli istifadə etmək və gəlirini artırmaq üçün yeni imkanların yaradılması kimi nəzərdə tutulur.
Bir sözlə, vətəndaşın razılığı olmadan onun pay torpağı birləşdirilməyəcək və mülkiyyət hüququ əlindən alınmayacaq. Əsas hədəf torpaqları vətəndaşlardan almaq deyil, parçalanmış sahələrin daha səmərəli istifadəsi, xərclərin azaldılması, məhsuldarlığın artırılması və nəticədə fermerlərin gəlirlərinin yüksəldilməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью