Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əlləri torpağa salmaq, otlara, ağaclara və mamırlara toxunmaq dəri və immun sistemi üçün faydalı ola bilər.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Finlandiya Ətraf Mühit İnstitutunun ekoloqu və təbiət-sağlamlıq araşdırmaçısı Mira Qrönroosun apardığı təcrübədə insanlardan əllərini 20 saniyə ərzində torpaq, torf və mamırla ovuşdurmaları istənilib. Daha sonra əllər kran suyunda yuyulub. Araşdırma nəticəsində dəridəki mikrobların sayının və müxtəlifliyinin artdığı müəyyənləşib.
Mütəxəssislərin fikrincə, dəridə müxtəlif mikroorqanizmlərin çox olması onların bir-birini tarazlaşdırmasına və orqanizmi xəstəlik törədən daha zərərli bakteriyalardan qorumasına kömək edə bilər.
Araşdırmalardan birində Finlandiyada uşaqların meşə torpağı ilə zənginləşdirilmiş oyun sahəsində oynamasının təsirləri öyrənilib. Uşaqlar 28 gün ərzində burada oynadıqdan sonra onların dəri, tüpürcək və bağırsaq mikrobiomları araşdırılıb. Bir il sonra aparılan ölçmələrdə meşə torpağı ilə təmasda olan uşaqların dərisində mikrob müxtəlifliyinin daha yüksək olduğu müəyyənləşib.
Tədqiqatçılar həmçinin torpaqla təmasın immun sisteminin fəaliyyətinə təsirini də araşdırıblar. Mikrob müxtəlifliyi yüksək olan torpaqda oynayan uşaqların qanında immunitetin tənzimlənməsində rol oynayan sitokinlərin artdığı müşahidə edilib.
Başqa bir araşdırmada isə böyüklərdən qış aylarında qapalı şəraitdə tərəvəz yetişdirmələri istənilib. Mikrob müxtəlifliyi yüksək olan torpaqdan istifadə edən iştirakçıların qanında iltihabəleyhinə sitokinlərin sayında artım qeydə alınıb.
Mütəxəssislər təbiətlə təmasın astma və digər xəstəliklərdən qoruyacağına dair qəti nəticə çıxarmağın mümkün olmadığını vurğulayırlar. Bununla belə, təbii mühitlə təmasın dəri mikrobiomunun müxtəlifliyinə və immun sisteminin tənzimlənməsinə müsbət təsir göstərə biləcəyini bildirirlər.