futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasında 2026/27 mövsümünə start verildi. Açılış matçında “Turan Tovuz” azarkeşləri önündə “Qəbələ”yə minimal hesabla qalib gəldi.
Tovuz şəhər stadionunda baş tutan görüşü 4800 fanat tribunadan izləyirdi.
Matç meydan sahiblərinin üstünlüyü ilə keçdi. Hər iki hissədə daha aktiv oynayan, daha çox qol şansı yaradan tovuzlular sadəcə bir qolla kifayətləndi. Görünür, komandadakı bitiricilik problemi hələ də var. Ötən mövsüm də məhsuldarlığı aşağı olan tovuzlular qaldığı yerdən davam edir.
“Qəbələ” isə zəif çıxışı ilə diqqət çəkdi. 100 faizlik qol şansı yarada bilməyən “qırmızı-qaralar” oyunun sonlarında fəallaşsa da, qapını dəqiq nişanlamadı. “Turan Tovuz” müdafiəsini yarmaqda çətinlik çəkən “Qəbələ”nin futbolçuları uzaqdan zərbələrlə fərq yaratmaq istəsə də, cəhdlər boşa getdi.
İlk matçdan tovuzlular daha hazırlıqlı göründü. Kurban Berdıyevin yetirmələri hücumda fəal təsir bağışladı. Əsasən cinahlardan rəqibini sıxan “Turan Tovuz”da yeni transfer Dieqo Balau da effektivliyi ilə diqqət çəkdi.
“Qəbələ”də isə qapıçı Səlahət Ağayev daha çox diqqət mərkəzinə düşdü. Bir neçə dəfə komandasını real qoldan xilas etdi. “Qırmızı-qaralar”da heyət hələ tam oturmayıb. Ötən mövsümün bir neçə əsas oyunçusunu satan “Qəbələ”də əsas çatışmazlıq hücum fazasındadır.
Şahin Cəfərov