Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Şuşa qalası, “Dəmir yumruq”, Xarıbülbül… Tovuzda 8 Noyabr – Zəfər Gününə həsr olunan sərgidə bu rəmzlər uşaqların və gənclərin əl işlərində, rənglərin dili ilə ifadə etdikləri Vətən sevgisində bir araya gəlib.
Tovuz Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgi “Zəfər salnaməmiz – qəhrəmanlıq və qürur tariximiz” adlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, qazilər, məktəblilər, könüllülər və ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.
Məktəblilərin rəsm əsərlərində Vətən müharibəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı və tarixi Qələbəmiz əks olunub. Könüllülərin və şagirdlərin hazırladıqları “Şuşa qalası”, “Dəmir yumruq”, “Xarıbülbül” və digər kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bu işlərdə gənc müəlliflərin yaradıcılıq bacarığı ilə yanaşı, Vətənə məhəbbəti, qalib Ordumuza sevgisi və Zəfər qüruru da ifadəsini tapıb.
Tədbirdə səsləndirilən vətənpərvərlik mahnıları və söylənilən şeirlər bayram ovqatını tamamlayıb. Tovuz Uşaq-Gənclər Şahmat Məktəbinin üzvləri şahmat oyunları, gənc güləşçilər isə nümunəvi çıxışlar təqdim ediblər.
Sərgi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli-mənəvi dəyərlərin təbliğinə və qəhrəmanlıq tariximizin yaradıcılıq vasitəsilə yaşadılmasına həsr olunub. Uşaqların çəkdiyi rəsmlər, öz əlləri ilə hazırladıqları kompozisiyalar bir duyğunu bölüşüb: Zəfərimizin qüruru onların da düşüncəsində və qəlbində yaşayır.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri