Tovuzdə ilk dəfə avrokubok oyunu keçiriləcəkmi? Klubdan açıqlama

11.05.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tovuzdə ilk dəfə avrokubok oyunu keçiriləcəkmi? – Klubdan açıqlama

Xəbər verdiyimiz kimi, “Turan Tovuz” ötən gün avrokuboklara vəsiqəni təmin edib. Komanda 2026/27 mövsümündə ən azı UEFA Konfrans Liqasında oynamaq hüququ qazanıb. 

32 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanan Tovuz təmsilçisinin turnirdəki ev oyunlarını harada keçirəcəyini öyrənmək üçün klub müraciət etdik. Bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev QOL.az-a açıqlamasında bildirdi ki, komanda ən azı ilk iki oyunu Tovuz şəhər stadionunda keçirmək imkanına malikdir:

“Tələblərə görə, UEFA-nın 2-ci kateqoriyasını alan stadionlar 1-ci və 2-ci təsnifat mərhələsininin oyunlarını qəbul edə bilir. Biz də stadionun 2-ci kateqoriyaya cavab verməsi üçün tələb olunan şərtləri mart ayının sonundan yerinə yetirməyə başlamışıq. Mövsümün bitməsi lazımdır ki, stadionda bəzi işlər də görülsün. Məsələn, media sektoru bir qədər böyüdülməlidir. Bunun kimi bir çox şərtlər var. Əgər komanda mübarizəyə 1-ci təsnifat mərhələsindən başlasa, iki oyunu Tovuzda keçirə bilərik. Burada kubokun final matçının nəticəsindən də çox şey asılıdır. Çempion “Sabah” kuboku da qazansa, mübarizəyə 2-ci mərhələdən başlayacağıq. UEFA-nın tələbləri çoxdur, amma bunlar hamısı klubumuzun görə biləcəyi işlərdir”.

Beləliklə, Tovuzda ilk dəfə avrokubok oyunu keçirilə bilər. Çünki Azərbaycanın avrokuboklarda ilk təmsilçisi - Tovuz klubu “Turan” 32 il əvvəl – 1994-cü ildə UEFA kuboku adlanan yarışda “Fənərbaxça” ilə ev oyununu Sumqayıtda keçirib. Daha sonra komanda avrokuboklardakı ev oyunlarını bölgələrdə - Şəmkirdə, İmişlidə, Qəbələdə və Lənkəranda oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью