“Toxta”, yoxsa “Stop”? Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”

02.11.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu yol nişanlarında istifadə olunan "Stop” sözünün Azərbaycan dilindəki qarşılığı ilə əvəzlənməsini təklif edib.

Deputat nümunə kimi "Dur” və "Toxta” sözlərini göstərərək sonuncunun daha geniş məna ifadə etdiyini bildirib. Onun fikrincə, "Toxta” qısa müddət dayanmağı, nəfəs dərməyi və daha sonra hərəkəti davam etdirməyi nəzərdə tutur.

Təklif ictimai müzakirələrə səbəb olub. Bəs yol nişanlarında beynəlxalq səviyyədə qəbul edilən "Stop” sözünün Azərbaycan dilindəki qarşılığı ilə əvəzlənməsinə ehtiyac varmı?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, belə təkliflərin gündəmə gətirilməsi zəruri deyil və müzakirələrin daha aktual problemlərə yönəldilməsi vacibdir:

"Müzakirə olunmalı o qədər ciddi məsələlər var ki, açığı, hörmətli millət vəkillərimizin belə mövzuları gündəmə gətirməsinin səbəbini anlamıram. Sual yaranır: Niyə? Biz çalışırıq ki, beynəlxalq standartlara uyğunlaşaq. Belə yanaşmalarla isə dilin milliləşdirilməsi məsələsi ortaya çıxır. O zaman bir bölgədə "Toxta”, digərində "Əylən”, başqa bir yerdə "Dayan”, digər bölgədə isə "Dur” yazılmalıdır? Bu, doğru yanaşma deyil.

Beynəlxalq səviyyədə qəbul olunmuş yol nişanları var. Düzdür, müxtəlif ölkələrdə fərqli nümunələrə rast gəlmək mümkündür. Məsələn, Türkiyədə "Dur” yazılır. Amma "Toxta” sözü də "Stop” sözünü tam əvəz etmir. Üstəlik, "Stop” sözü artıq dilimizdə də işlənir və hər kəs tərəfindən başa düşülür. Buna görə də belə bir dəyişikliyə ehtiyac görmürəm”.

 

Ekspert qeyd edib ki, ölkədə diqqət yetirilməli daha ciddi və aktual problemlər olduğu halda, müzakirələrin bu cür məsələlərə yönəldilməsi məqsədəuyğun deyil:

"Bəzən həqiqətən də təəccüblənirəm ki, niyə bu cür məsələlər bu qədər müzakirə olunur. Halbuki ölkəmizdə diqqət yetirilməli, daha ciddi və aktual problemlər kifayət qədərdir. Düşünürəm ki, müzakirələrimizi də məhz həmin məsələlərə yönəltməliyik”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью