Toxunma uşaq qəlbinə!

29.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kiçik bir inciklik onların yaddaşında sağalmaz yaraya çevrilir

Bəzən uşaq ikən yaşanmış ağrı-acıların izi zaman keçsə də silinmir. Fərqində olmadan valideynlərimizin, hətta nənə və babalarımızın yaşadıqları çətinliklərin yükünü daşıyırıq. Müharibələr, yoxsulluq və dərin sarsıntılar bioloji olaraq ötürülməsə də, ailədaxili davranışlar vasitəsilə uşaqlara keçir. Məsələn, hər şeyə görə narahat olan, hər an fəlakət olacaqmış kimi yaşayan ana, yaxud atanın övladı da dünyaya eyni şübhə və qorxu ilə baxır.

Nəticədə, xaricdən sakit, normal görünsə də, daxilən daimi gərginlik, təşviş və həyəcan içində yaşayan, qərar verməkdə çətinlik çəkən, özünə qapanan gənclər formalaşır. Bu problem onlarda zamanla daha da dərinləşərək ciddi psixoloji çatışmazlıqlara yol açır. Bəzi hallarda bu vəziyyət ağır həddə çataraq yeniyetmələri laqeydliyə, zorakılığa, hətta intihara belə sürükləyir. Bəs bu problemin qarşısını necə olmaq olar?

Mövzu ilə bağlı fikirlərini bölüşən klinik psixoloq Elvira Tağıyeva söylədi ki, peşəkar dəstək və sağlam münasibətlər sayəsində psixoloji travmanın mənfi təsirlərini aradan qaldırmaq mümkündür:

– Sarsıntı, qəlb yarası sadəcə, baş verən hadisənin özü deyil, insanın həmin hala psixoloji reaksiyasıdır. Valideynlər və ya əvvəlki nəsillər ağır sarsıntılar yaşadıqda, bu, çox vaxt genetik olmasa da, ailədaxili münasibətlər və davranış modelləri vasitəsilə uşaqlara ötürülür. Son illər aparılan tədqiqatlar göstərir ki, ağır və uzunmüddətli stres bəzi bioloji mexanizmlərə də təsir göstərə bilər. Lakin sağlam münasibətlər, psixoloji dəstək və müalicə sayəsində mənfi təsirlərin qarşısını almaq olar.

Uşaqlıq zərbələri emosional tərk edilmə, fiziki və ya psixoloji zorakılıq, valideyn itkisi, cinsi istismar və ailədaxili münaqişələr kimi müxtəlif formalarda özünü göstərə bilər. Bu hallar gələcəkdə ruhi pozğunluğa, təşviş, özünəinamın azalması, münasibətlərdə etibarsızlığa, emosiyaları tənzimləməkdə çətinliklərə, eləcə də zərərli vərdişlərə və təhlükəli qərarlara səbəb ola bilər.

Təbii ki, ağır hadisələr yaşamış hər kəs aqressiv və ya həyatına qəsd etməyə meyilli olmur. Lakin vaxtında müalicə olunmadıqda risk faktorları zamanla artaraq daha ciddi problemlərə yol açır. Xüsusilə sosial dəstəyin kasad olduğu, əlavə psixi problemlərin mövcudluğu və mütəxəssis köməyinin alınmadığı şəraitdə təhlükə böyüyür. Əsas məqam odur ki, erkən psixoloji müdaxilə, ailə dəstəyi və peşəkar müalicə bu neqativ halların qarşısını əhəmiyyətli dərəcədə ala bilir.

Valideynlər uşaqlarının psixi sağlamlığını qorumaq üçün gündəlik münasibətlərə xüsusi diqqət yetirməlidirlər, çünki bu prosesdə doğru ünsiyyət qurmaq həlledici rol oynayır. Ona görə də uşağın hisslərinə, fikirlərinə hörmətlə yanaşmaq və onları başa düşmək önəmlidir.

Eyni zamanda, övladınız qorxu, kədər və ya qəzəb keçirərkən emosiyalarını sərbəst ifadə etməsinə şərait yaratmaq və onu buna görə qınamamaq lazımdır. Sabitlik uşağa təhlükəsizlik hissi verdiyi üçün etibarlı ailə mühiti yaratmaq xüsusi əhəmiyyət daşıyır. Fiziki və psixoloji zorakılıqdan tamamilə uzaq duraraq, cəza metodları əvəzinə qaydaları sakit şəkildə izah etmək əsas şərtlərdəndir.

Bundan əlavə, valideyn öz emosional vəziyyətini nəzarətdə saxlamalıdır. Çünki o, şəxsi travmalarının öhdəsindən gəldikcə, onların uşağa təsir etmək və ötürülmək ehtimalı da xeyli azalır. Əgər uşaqda uzun müddət davam edən davranış və ya emosional dəyişikliklər müşahidə olunarsa, vaxt itirmədən klinik psixoloq və ya psixiatrına müraciət etmək zəruridir. Burada əsas məsələ "mükəmməl valideyn" olmaq deyil, uşağın özünü təhlükəsiz və dəyərli hiss edəcəyi mühit qurmaqdır. Bu cür yanaşma travmanın mənfi təsirlərini azaltmaq üçün ən yaxşı çıxış yoludur.

Nevropatoloq Əminə İmanova psixoloji sarsıntının beyində necə formalaşdığını və sinir sisteminə təsirlərini izah etdi:

– Psixoloji travma zamanı beyində, xüsusən də emosiyaların idarə olunduğu amiqdala və qorxu mərkəzlərində həddindən artıq aktivləşmə baş verir. Beyin güclü stres keçirərək müdafiə rejiminə keçir. Bu vəziyyətdə qorxu və təhlükəyə cavabdeh olan amiqdala normadan artıq fəallaşır, yaddaş və öyrənməyə məsul olan hipokampusun işi isə zəifləyir.

Nəticədə, bədəndə kortizol və adrenalin kimi stres hormonları xroniki olaraq yüksəlir. İllər keçməsinə və hansısa təhlükənin sovuşmasına baxmayaraq, insan daimi qorxu, həyəcan və gərginlik yaşayır. Sinir sistemi, sanki, həmin təhlükəli anı yenidən yaşayırmış kimi gərgin vəziyyətdə qalmağa davam edir.

Özünü müxtəlif davranış pozuntuları və emosional problemlərlə büruzə verir. Keçmişdə travma almış şəxslər ətrafdakı insanlara güvənməkdə çətinlik çəkir, sağlam yaxın münasibətlərdən qaçır və ya əksinə, qarşı tərəfdən həddindən artıq asılı vəziyyətə düşürlər. Qorxulu xatirələr səslər, qoxular, məkanlar və ya bənzər vizual işarələrin təsiri ilə yenidən fəallaşa bilər. Belə amillər qarşıya çıxdıqda insan keçmişin qorxu və çarəsizliyini eyni şiddətlə yenidən yaşayır. Mənfi təsirlər fərdin özünəinamını sarsıdır, onda səbəbsiz günahkarlıq və dəyərsizlik hissi yaradır.

Psixika və sinir sistemindəki daimi gərginlik zamanla fiziki sağlamlığa da mənfi təsir göstərir. Davamlı qorxu, həyəcan yuxu pozuntularına, daimi yorğunluğa, baş və mədə-bağırsaq ağrılarına səbəb olur. Bir çox hallarda insanlar daxili narahatlığı və emosional ağrını azaltmaq üçün zərərli vərdişlərə meyil edirlər ki, bu da problemi daha da dərinləşdirir. Nəticədə insanın cəmiyyətə adaptasiyası çətinləşir, iş və şəxsi həyatındakı məhsuldarlığı aşağı düşür.

Psixoloji zərbələrin mənfi təsirlərini azaltmaq və normal həyat ritminə qayıtmaq üçün peşəkar dəstək vacibdir. Problemin kökünü anlamaq, stres mexanizmlərini idarə etməyi öyrənmək və beynin təhlükə qavrayışını yenidən tənzimləmək üçün psixoloji, zərurət yarandıqda isə nevroloji müalicə üsulları tətbiq edilməlidir. Bu yanaşma insana keçmişin təsirindən xilas olaraq daha sağlam həyat qurmağa imkan verir.

Mütəxəssislərin fikirlərindən də görünür ki, keçmişdə yaşanan ağır travmalar nə qədər dərin iz buraxsa da, onlar ömürlük deyil. Vaxtında edilən peşəkar dəstək, düzgün ailə münasibətləri, sevgi dolu mühit bu yükdən azad olmağa imkan yaradır. Valideynlərin övladları ilə qurduğu sağlam münasibət travmaların qarşısını alan ən effektiv vasitədir. Unutmayaq ki, bu gün uşaqlarımıza göstərdiyimiz diqqət və qoyduğumuz sağlam təməllər gələcək nəsillərin firavan və güclü cəmiyyət kimi formalaşmasının əsas təminatıdır.

Elenora HƏSƏNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью