Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib.
Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.
Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb.
Bəs şadlıq saraylarında qanun pozuntularının aşkarlanması bu sahədə nəzarət mexanizminin yetərli olmadığını göstərirmi?
Qida mütəxəssisi Fərid Səfərov “Cebheinfo.az”-a bildirib ki, 47 şadlıq sarayından 41-də pozuntu aşkarlanması kifayət qədər ciddi göstəricidir və bu, sahədə qida təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı sistemli problemlərin mövcudluğundan xəbər verir:
“Bu nəticəni yalnız nəzarət mexanizmlərinin zəifliyi ilə əlaqələndirmək düzgün olmaz. Burada sahibkarların məsuliyyəti, işçi heyətin qida təhlükəsizliyi üzrə bilikləri, sanitariya qaydalarına əməl olunması və daxili nəzarət sisteminin düzgün qurulmaması da mühüm rol oynayır. Hesab edirəm ki, yoxlamalar yalnız pozuntuların aşkarlanması ilə məhdudlaşmamalı, mütəmadi monitorinqlər, maarifləndirmə və təkrar yoxlamalarla müşayiət olunmalıdır.
Çünki şadlıq sarayları eyni vaxtda yüzlərlə insana xidmət göstərir və burada baş verən bir səhv kütləvi qida zəhərlənməsinə səbəb ola bilər”.
O bildirib ki, camış əti özlüyündə insan sağlamlığı üçün təhlükəli məhsul deyil:
“Eyni zamanda, süni kürü də təsdiq olunmuş qida əlavələri və təhlükəsizlik tələblərinə uyğun istehsal edildikdə mütləq zərərli hesab edilə bilməz.
Burada əsas problem istehlakçının aldadılması, məhsulun mənşəyinin və tərkibinin gizlədilməsi, eləcə də menyuda göstərilənlə faktiki təqdim olunan qidanın fərqli olmasıdır. Belə məhsulların mənşəyi məlum olmadıqda, saxlanma və daşınma şəraiti pozulduqda mikrobioloji çirklənmə, qida zəhərlənməsi və digər sağlamlıq problemləri yarana bilər.
Süni kürünün tərkibindəki komponentlərə qarşı həssaslığı olan insanlarda allergik reaksiyalar da mümkündür. Bunun qarşısını almaq üçün şadlıq saraylarında istifadə olunan bütün məhsulların mənşəyi təsdiqedici sənədlərlə müəyyən edilməli, təchizatçılara nəzarət gücləndirilməli, menyuda yeməklərin tərkibi düzgün göstərilməlidir.
İstehlakçı da sifariş etdiyi məhsulun nə olduğunu bilmək hüququna malikdir”.
Mütəxəssis qeyd edib ki, qida təhlükəsizliyi yalnız məhsulun xarab olub-olmaması deyil, həm də onun mənşəyinin, tərkibinin və istehlakçıya təqdim edilmə formasının şəffaf olması deməkdir.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: Toy mərasimləri Fərid Səfərov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin