Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan toylarında süfrəyə təqdim olunan yeməklərin çeşidinin çoxluğu zaman-zaman müzakirələrə səbəb olur. Milli Məclisin deputatı Fazil Mustafanın toylarda 20 çeşid yeməyin təqdim edilməsini “vəhşilik” adlandırması bu mövzunu yenidən gündəmə gətirib.
Lakin məsələ təkcə israfçılıqla məhdudlaşmır. Müxtəlif növ qidaların eyni məclisdə həddindən artıq istehlakı insan sağlamlığı üçün də müəyyən risklər yaradır. Eyni zamanda, bu qədər yeməyin hazırlanması, saxlanılması və süfrəyə təqdim edilməsi zamanı qida təhlükəsizliyi qaydalarına nə dərəcədə riayət olunması sual doğurur.
Digər tərəfdən, bəzi rayonlarda israfçılığın qarşısını almaq məqsədilə yas mərasimlərində yemək ehsanının verilməsindən imtina edildiyi halda, toy məclislərində də oxşar yanaşmanın tətbiqi mümkündürmü?
Toy süfrələrində çoxsaylı yeməklərin təqdim olunması hansı fəsadlara yol aça bilər? Bu cür məclislərin keçirilməsi dini baxımdan necə qiymətləndirilir?
Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, toylarda müxtəlif çeşiddə yeməklərin təqdim olunması həm israfçılığa, həm də orqanizmin həddindən artıq yüklənməsinə səbəb olur. Bu isə qida dözümsüzlüyü, mədə sancısı, şişkinlik və digər həzm problemlərinə gətirib çıxara bilər:
“Toylarda çoxçeşidli yeməklərin təqdim olunması həm büdcəyə, həm də insan sağlamlığına mənfi təsir göstərir. Orqanizm gücə düşdükdə zəhərlənmə, qida dözümsüzlüyü, mədə sancısı və şişkinlik kimi problemlər yaranır. Lakin məsələnin psixoloji tərəfləri də var. Bir qrup insan düşünür ki, toy süfrəsində kifayət qədər yemək olmasa, qonaqlar daha az pul yazdıracaqlar. Digərləri isə bəhsə girirlər. Düşünürlər ki, filankəsin toyunda süfrədə barmaq qoymağa yer yox idi, mənim övladım kimdən əskikdir ki, onun toyunda bu qədər çeşiddə yemək olmasın? Təəssüf ki, cəmiyyətdə bu cür stereotiplər formalaşıb.
İnsanın qidalanma və süfrə mədəniyyəti olmalıdır. Salatlarda, qarnirlərdə, şirniyyatlarda, düyüdə, qazlı içkilərdə və meyvələrdə karbohidratlar var. Toyda ət, toyuq və balıqla yanaşı, karbohidratlarla zəngin qidaların həddindən artıq istehlakı orqanizmin yüklənməsinə səbəb olur.
Fikrimcə, şadlıq saraylarında düzgün və balanslaşdırılmış menyu formalaşdırılmalıdır. Menyu daha qənaətli olarsa, toy sahibləri də maddi cəhətdən yüklənməz, borc götürməyə, kredit almağa məcbur qalmazlar. Menyuda yemək çeşidi artdıqca toya yazdırılan pulun məbləği də artır. Bu isə nə qonaqlara, nə də toy sahibinə sərf edir.
Şadlıq saraylarında insanlar bəzən aqressiv şəkildə qidalanırlar. Adam düşünür ki, toya 100 manat yazdırmışamsa, süfrədəki bütün yeməklərin dadına baxmalıyam. Həddindən artıq qidalanma isə ciddi sağlamlıq problemlərinə, xüsusilə ürək-damar xəstəlikləri olan insanlarda ağır fəsadlara səbəb ola bilər. Təkcə qidalanma deyil, toylarda musiqinin həddindən artıq yüksək səslə səsləndirilməsi də ürək sağlamlığına mənfi təsir göstərə bilər”.
İlahiyyatçı Elşad Miri Lent.az-a açıqlamasında bildirib ki, toy məclislərində israfçılığın qarşısını almaq üçün yeni yanaşma tətbiq edilməlidir:
“Bu məsələyə bir əlac tapılmalıdır. Bəzən toya dəvət olunanda evdə yemək yeyib gedirəm ki, məclisdə təqdim olunan yeməklərdən dadmayım. Çünki bəzi restoranlarda yeməklərin nə dərəcədə sağlam olduğunu, hansı şəraitdə saxlanıldığını, istifadə müddəti bitmiş məhsullardan hazırlanıb-hazırlanmadığını bilmirik. Digər tərəfdən, insanın 20 çeşid yeməyin hamısından yeməsi mümkün deyil. Bəziləri isə düşünür ki, toya pul yazdırırsa, həmin pula uyğun da yemək yeməlidir.
Bir neçə toyda iştirak etmişəm və düşünürəm ki, orada tətbiq olunan təcrübə çox yaxşıdır. Masada hər kəsin qarşısına zərf qoyulur. Zərfin üzərində qeyd olunur ki, yeni ailə quran cütlüyə dəstək məqsədilə imkan daxilində pul hədiyyə etmək olar. Hər kəs adını qeyd etmədən həmin zərfə öz büdcəsinə uyğun pul qoyur. Bu, nə borc kimi qeydə alınır, nə də dəftərə yazılır. Belə toylarda insanlar daha rahat iştirak edir və əylənirlər. Burada əsas məsələ iki insanın xoşbəxtliyidir. Bir günlük məclis üçün bu qədər yeməyə, içkiyə və müğənnilərə pul xərcləmək nə dərəcədə doğrudur?
Türkiyədə imkanlı bir ailənin yeganə övladının toyuna dəvət olunmuşdum. Məclis malikanədə keçirilirdi. Toy Tarkanın mahnısı ilə başlayanda düşündüm ki, yəqin, müğənninin özünü də dəvət ediblər. Sonra gördüm ki, məclisdə yalnız bir DJ var. Masanın üzərində isə toydan toplanan pul və qızıl hədiyyələrinin bir fonda bağışlanacağı qeyd olunmuşdu. Məclisdə cəmi üç çeşid yemək təqdim edilirdi.
Buna baxmayaraq, insanlar rahat şəkildə əylənirdilər. Azərbaycanda da bu cür toyların şahidi olmuşam. Belə məclislər daha şən və səmimi keçir. Toyda israfçılığa yol verməyin, müğənnilərə böyük məbləğdə pul xərcləməyin yeni ailə quran cütlüyün sonrakı həyatına heç bir müsbət təsiri yoxdur. Bütün bunlar sadəcə başqalarına özünü göstərmək məqsədi daşıyır”.