“Toy”un qapı açdığı rənglər dünyası

30.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Mustafa Topçubaşovun həyat yoldaşı Reyhan xanım ilk qadın rəssamlarımızdan olub

Azərbaycan rəssamlığında heyrətamiz boyakarlıq nümunələrinin müəllifi kimi tanınan Reyhan Topçubaşova ensiklopedik məlumatlarda “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş ilk qadın fırça ustası kimi təqdim olunur. O, dünyaya göz açdığı, gözəl təbiətli Quba rayonunun, eləcə də erkən yaşlarında ailəsinin köçdüyü qədim Bakının mənzərələrindən ilhamlanaraq, boz kətanların üzərində elə əlvan rəsmlər yaradıb ki, naxışları heç zaman solmaq bilmir.

Reyhan xanımın babası Mirzə Heybət “Fəda” təxəllüsü ilə tanınan şair, atası İbrahim Axundov Bakıda quberniya idarəsində kargüzar-məmur olub. Məşhur Hacınskilər nəslindən olan anası Fatma xanım maarifçi-zadəgan qızı idi. Reyhanın bibisi Səkinə Axundzadə Azərbaycanın ilk qadın dramaturqudur. Ailə mühiti gənc qızda mədəniyyət və incəsənətə həvəs yaradıb.

O, özündən 1 yaş böyük bacısı – sonralar tanınmış etnoqraf alim olacaq Rəxşəndə Axundova-Babayeva ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin Bakıda açdığı Qız Məktəbində, sonra isə gimnaziyada oxuyub. Hələ uşaq yaşlarından yaxşı piano çalan Reyhan xanım bir müddət konservatoriyada təhsil alıb. Amma ailə qayğıları üzündən oranı yarımçıq tərk edib.

Sonra Reyhan xanımın istedadı nəzərə alınaraq, o, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin 3-cü kursuna qəbul edilib. Qrup yoldaşları arasında dünya rəssamlığının bəşəri ənənələrinə daha dərindən vaqif olması ilə seçilib. Diplom işi yağlı boya ilə çəkdiyi məşhur “Toy” rəsmi olub. Bu əsər hazırda Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə olunur. Orijinallığı, həyatiliyi, məişətimizi tərənnüm edən etnoqrafik dolğunluğu ilə diqqət çəkir.

Reyhan Topçubaşova rəsmlər üzərində necə işləməsi barədə yazmışdı: “Toy” əsəri üçün 15 akvarel rəsm işləmişdim. Belə toyları mən öz gözümlə gördüyüm və onlarda iştirak etdiyim üçün əsəri daha orijinal və lazımi xarakterdə göstərməyə müvəffəq olmuşam. “Köhnə Bakı küçəsi”ndə isə mən keçmiş uşaqların məşğələləri, məktəbə getmək əvəzinə küçədə “aşıq-aşıq” və “mazi” oynamalarını, küçənin trotuarlarını, küçə alverini olduğu kimi təsvir etmişəm”.

Müəyyən mənbələrə görə, sovet dövründə, xüsusilə 1930–1940-cı illərdə, rəssamların milli məişət elementlərini təsvir etməsi, o cümlədən Reyhan xanımın “Toy” rəsmini çəkməsi bəzi partiya rəhbərliyi tərəfindən “keçmişin qalıqlarını təbliğ etmək” və ya “sosialist realizmindən uzaqlaşmaq” kimi tənqid edilib. Amma zaman hər şeyi yerbəyer edib və həmin adamların əksinə olaraq, əsl sənət nümunələri yaşayır, onları yaradanlar isə ehtiramla xatırlanır.

Reyhan Topçubaşovanın bədii təxəyyülünün məhsulları sırasında mənzərə, portret, süjetli kompozisiya və natürmortlar çoxluq təşkil edir. Bu janrlarda ərsəyə gətirdiyi təsviri sənət nümunələri – “İki sahil”, “Dəniz”, “Şahdağ”, “Mərdəkandan görünüş”, “Köhnə Bakı küçəsi”, “Qız qalası”, “Köhnə bazar” adlı tablolar, “Nizami Gəncəvi”, “M.Ə.Sabir”, “Balerina Qəmər Almaszadə”, “İlk təbliğatçı Mina xala” kimi portretlər, eləcə də, “Qoca zalım şahın hüzurunda” əsəri və “Avtoportret”i Bakı muzeylərinin kolleksiyasında qorunub saxlanılır. Ünlü rəssam mahnı və rəqs ansamblları üçün geyim eskizləri də işləyib. Ə.Bədəlbəylininin 1950-ci ildə yazdığı “Tərlan” baletinin tərtibatçısı olub.

O, Bakıda ilk sərgi (1938) təşkilatçısı kimi də tarixə düşüb. 1941–1945-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona Əməkdar incəsənət xadimi adı verilib. Müəllif, eyni zamanda, müharibə mövzusunda da örnək rəsmlər yaradıb. “Cərrah Topçubaşov döyüşçünün həyatını xilas edir” əsəri bu nümunələrdəndir.

Reyhan xanım 1923-cü ildə şöhrətli cərrah və səhiyyə təşkilatçısı Mustafa Topçubaşovla ailə həyatı qurub. Bu evlilikdən oğlu İbrahim və əkiz qızları Zemfira ilə Elmira dünyaya gəliblər. Bəzi məlumatlara görə, repressiya illərində Mircəfər Bağırovun ətrafındakı bəzi qüvvələr Mustafa Topçubaşovun bəy nəslindən olmasını və sərbəst çıxışlarını əsas gətirərək onu həbs etdirməyə çalışırdılar. Lakin Mustafa bəyin tibb sahəsindəki əvəzsiz xidmətləri və cəbhə cərrahı kimi böyük nüfuzu (xüsusilə 1943-cü ildə Stalin mükafatı alması) Bağırovu ehtiyatlı davranmağa məcbur etmişdi. O, DTK-çılara “Bizim bircə Topçubaşovumuz var, onu rahat buraxın” demişdi...

Ailənin yeganə oğlu İbrahim atasının peşə davamçısı olub, eynu zamanda, bəstəkarlıq edib. Hüseyn Razinin sözlərinə yazdığı “Anacan” mahnısını çox sevdiyi Reyhan xanıma həsr edib:

Ana daima qaynar eşqin ifadəsidir,
O, alovlu qəlbimin odlu döyünməsidir.
Ana baharın özü, bahar təranəsidir.
O, bir şeir deyildir, şeir ilahəsidir.

Cərrah-bəstəkar İbrahim Topçubaşovun anası ilə bağlı bir xatirəsi də var: “Mən ilk əməliyyatımı 6 yaşımda etmişəm. Akvariumdan balığı çıxararaq qarnını yardım. Anam bunu biləndə mənə bərk hirsləndi. Anamın kədərlənməyinə pis oldum. Tez pianoda onun sevdiyi musiqini çalmağa başladım, bununla könlünü aldım…”

Onu da deyək ki, Reyhan Topçubaşova oğlu İbrahimin vaxtsız vəfatından 10 gün sonra – 5 mart 1970-ci ildə, 65 yaşında Bakıda dünyasını dəyişib. Azərbaycan incəsənət tarixində dərin iz qoymuş sənətkarın Qubada adına küçə var. Dəyərli irsini sənətsevərlər və tədqiqatçılar dərin hörmətlə yad edirlər.

Ə.NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью