Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin əlaqələndirilmiş şəkildə icrasını təmin etmək məqsədilə “Quşçuluq qrupu” fəaliyyətə başlayıb.
Qrupun əsas fəaliyyət istiqamətləri quşçuluq təsərrüfatlarının ehtiyaclarının qiymətləndirilməsi, sahənin xüsusiyyətləri nəzərə alınmaqla torpaqların kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi prosesinin sürətləndirilməsi, quşçuluq binalarının və kəsimxanaların tikintisi, yumurta emalı müəssisəsinin yaradılması, eləcə də damazlıq işinin təşviqinə yönəlmiş dəstək mexanizmlərinin hazırlanmasını əhatə edir.
Qeyd olunub ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində quş əti istehsalının 30 faiz, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir.
Bəs istehsalın artmasının hansı üstünlükləri olacaq, qiymətlərdə dəyişiklik gözlənilirmi?
Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, quş əti istehsalında artım olduqca, qiymətlər tam stabilləşir, yaxud da aşağı enir:
“Burada qiymətlərin aşağı düşməsi yemin qiymətindən asılıdır. Yemin qiyməti aşağı olarsa, təbii ki, quş ətinin də qiyməti aşağı enəcək. Ancaq burada bir müsbət tərəf odur ki, bazarda kifayət qədər rəqabətli firmalarımız var. Onlar bir-biri ilə rəqabəli, daha keyfiyyətli, daha ucuz qiymətə məhsul satmağa çalışırlar”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin