Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bakı-Salyan-Biləsuvar yolunun kənarında şişirdilmiş broller toyuqlar hinduşka və qaz əti adı ilə satılır”.
Bakupost.az xəbər verir ki, bu barədə tanınmış naşir Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında paylaşım edərək aldadıldığını bildirib.
“Bilmirəm, kimlər bununla üzləşib, amma şəxsən mənim indiyə qədər rastıma çıxmamışdı. Bu dəfə qayıdanda yolüstü Biləsuvar körpüsünü keçib Salyan istiqamətində yolun kənarında hinduşka, qaz və quş satıldığını gördüm.
Adətən yol qırağında dayanan adamlardan nəsə alanda təkcə məhsula görə yox, bir az da onları dəstəkləmək niyyəti ilə alırsan. Mən də bu düşüncə ilə aldım. Açığı, alarkən bir qədər şübhələndim, görünüşcə hinduşkaya, qaza bənzəmirdi. Amma yenə də aldatmazlar deyə düşündüm.
Evdə məlum oldu ki, qaz və hinduşka adı ilə təqdim olunanlar sadəcə şişirdilmiş toyuqlardır. Yəni mən aldandım. Heç olmasa siz aldanmayın”.
Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, Bakı-Salyan-Biləsuvar yolunun kənarında satılan quş ətinin hinduşka və qaz əti adı ilə satışına dair paylaşıma aidiyyəti üzrə baxılıb və müvafiq qaydada araşdırılıb:
“Araşdırma zamanı agentliyin Bakı Regional bölməsinin əməkdaşları tərəfindən Sizinlə əlaqə saxlanılaraq yaşadığınız ünvana gedilib və aldığınız quş cəmdəklərinə yerində orqanaleptik baxış keçirilib.
Baxış zamanı quşun bud və qanad hissələrinin, eyni zamanda boğaz hissəsinin qısa olması, cəmdəkdə əzələlər arasında sümükvari liflərin olmamasının müşahidə edilməsi, qaza və hindquşuna məxsus göstəricilərin aşkar edilməməsi, həmin cəmdəklərin toyuq əti olması qənaətinə gəlməsinə əsas verib.
Qeyd olunanları nəzərə alaraq, qida təhlükəsizliyi sahəsində qeydiyyatdan keçməyən və müvafiq baytarlıq sənədləri olmayan ətlərin satışının həyata keçirildiyi yerlərdən qida məhsullarının alışının həyata keçirilməməsi tövsiyə edilir.
Əlavə edirik ki, toyuq məhsulunu aldığınız yol kənarına da agentliyin regional bölmənin əməkdaşları tərəfindən baxış keçirilib. Qanunsuz küçə ticarətinin qarşısının alınması və müvafiq tədbir görülməsi üçün aidiyyəti yerli icra orqanlarına müraciət olunub”.
Lalə, BakuPost