Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası 150-dən çox əfqan miqrantı Əfqanıstana deportasiya etməyi planlaşdırır. Onların bir çoxu 2021-ci ildə “Taliban” hərəkatı hakimiyyətə qayıtdıqdan sonra ölkəni tərk edib.
“The New York Times” qəzetinin məlumatına görə, onlarla əfqan miqrant ABŞ-ın Luiziana ştatında immiqrasiya orqanları tərəfindən saxlanılıb. Onların deportasiyası üçün ilk reysin artıq bazar ertəsi həyata keçirilə biləcəyi bildirilir.
Plan reallaşarsa, bu, ABŞ-dan əfqan vətəndaşlarının eyni vaxtda həyata keçirilən ən böyük deportasiyalarından biri olacaq.
Amerika hakimiyyəti miqrantları Pakistan vasitəsilə Əfqanıstana göndərməyi planlaşdırır. Buna səbəb Vaşinqtonun “Taliban” hökuməti ilə diplomatik münasibətlərinin olmaması və onların Əfqanıstana birbaşa qaytarılmasını təşkil etmək imkanının məhdudluğudur.
AfghanEvac təşkilatının rəhbəri Şon VanDayver bildirib ki, deportasiya təhlükəsi ilə üzləşənlər arasında vaxtilə ABŞ hərbçiləri ilə birlikdə xidmət etmiş şəxslərin qohumları da var. Onun sözlərinə görə, həmin ailələr “Taliban” tərəfindən təqib olunmaq təhlükəsi ilə üzləşə bilərlər.
VanDayver Konqresi ABŞ-da yaşayan əfqanlara müvəqqəti qorunan status verilməsinə çağırıb. Bu status onların deportasiyadan müdafiə olunmasına imkan yarada bilər.
Tramp administrasiyası immiqrasiya siyasətinin sərtləşdirilməsini və kütləvi deportasiyaları daxili təhlükəsizliyin gücləndirilməsi zərurəti ilə izah edir.
İnsan hüquqları müdafiəçiləri isə əks mövqedədirlər. Onlar hesab edirlər ki, bu tədbirlər qanuni prosedur hüququnu və söz azadlığını pozur, eyni zamanda əhalinin müdafiəyə daha çox ehtiyacı olan qrupları üçün təhlükəli vəziyyət yaradır.
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi əməliyyat təhlükəsizliyi tələblərini əsas gətirərək gələcək deportasiya planlarını təsdiqləməkdən imtina edib.
Qeyd edək ki, Pakistan 2023-cü ildən bəri 2 milyondan çox əfqan vətəndaşını Əfqanıstana deportasiya edib. Bu proses “Taliban”ın hakimiyyətdə olduğu ölkənin əhalisi üzərində təzyiqləri daha da artırıb.
N.Talıblı
Post navigationPrevious: Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir