Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp administrasiyanın Konqresdən əlavə 87,6 milyard dollar maliyyə vəsaiti istəməsinə münasibət bildirib.
Bu məbləğin 21 milyard dollarının Pentaqon üçün sursat tədarükünə və ABŞ-ın müdafiə sənayesi bazasının gücləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. "Həmişə daha çoxuna ehtiyacımız var", – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın bəzi silah növləri üzrə çox böyük ehtiyatları mövcuddur və bu arsenal demək olar ki, tükənməzdir. Digər silah növlərinin ehtiyatı isə nisbətən az olsa da, onların istehsalı və təchizatı hər gün davam edir.
"Biz yaxşı vəziyyətdəyik, çox böyük silah ehtiyatımız var. Amma buna baxmayaraq, daha çox silaha sahib olmaq istəyirik", – deyə ABŞ prezidenti əlavə edib.
"The Washington Post" qəzeti avqustun 5-də mənbələrə istinadən yazmışdı ki, Tramp iyulun 31-də müdafiə naziri Pit Heqsetdən İranla qarşıdurma fonunda silah çatışmazlığı məsələsində niyə yanlış məlumat verildiyini izah etməsini tələb edib. Nəşrin iddiasına görə, prezident sursat probleminin artıq həll olunduğunu düşündüyü üçün nazirə irad bildirib. Daha sonra Tramp bu məlumatları təkzib edib.
Bundan əvvəl isə müdafiə naziri Pit Heqset CNN telekanalının Pentaqonun əsas sursat ehtiyatlarının təhlükəli həddə qədər azalması ilə bağlı məlumatını həqiqətə uyğun olmayan iddia adlandırmışdı. "Associated Press" agentliyi isə iyulun sonunda ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin prezidentə bəzi raket ehtiyatlarının məhdud olmasının Vaşinqtonun İranla mümkün qarşıdurmada manevr imkanlarını azaltdığını məruzə etdiyini bildirmişdi. Tramp isə bu məlumatları da təkzib edərək, sursat çatışmazlığının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa edilməməsinin səbəblərindən biri olması barədə iddiaları rədd etmişdi.
Bizimyol.info