Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

19.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 19 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Danimarka Krallığı və Qrenlandiya ilə yeni saziş bağladığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, saziş ABŞ-yə Qrenlandiyanın təhlükəsizliyi və digər zəruri sahələr üzərində daimi nəzarət imkanı verir və bunun Vaşinqton üçün əlavə maliyyə xərci olmayacaq.

“ABŞ Qrenlandiyanın və özünün təhlükəsizliyini təmin etmək üçün orada zəruri olan bütün tədbirləri həmişə həyata keçirmək imkanına malik olacaq”, – deyə Tramp bildirib.

O qeyd edib ki, bundan sonra ABŞ-nin yazılı razılığı olmadan heç bir rəqib dövlət Qrenlandiyada hərbi baza yarada, hərbi qüvvə yerləşdirə və ya həssas sahələrə sərmayə yatıra bilməyəcək. Tramp razılaşmanın müddətsiz olduğunu və qüvvədə olma müddətinin başa çatmayacağını vurğulayıb.

ABŞ Prezidenti, həmçinin Qrenlandiyanın uyğun ərazilərində genişmiqyaslı Amerika hərbi mövcudluğunun yaradılması prosesinə dərhal başlanacağını, infrastrukturun inkişafı və tikinti işlərinin yerli əhali ilə əməkdaşlıq şəraitində aparılacağını bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью