Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Bu gün Azərbaycan ilə ABŞ münasibətləri tarixin heç bir dönəmində olmadığı kimi inkişaf mərhələsini yaşayır. Bayden-Blinken administrasiyasından fərqli olaraq Prezident Donald Trampın administrasiyası real siyasət həyata keçirərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə daha çox üstünlük verir. Artıq qarşılıqlı münasibətlər tənəzzül dövründən çıxaraq inkişaf istiqamətinə qədəm qoyub. D. Tramp administrasiyası rəsmi Vaşinqtonun Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna münasibətini dəyişdi, köhnə münasibətlər transformasiyaya məruz qaldı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Siyasət, Tarix və Etnoqrafiya Mərkəzinin (STEM) direktoru OrxanYolçuyev deyib.
O bildirib ki, ABŞ-ın marağı regionumuzun Mərkəzi Asiya ilə sıx bağlı olması ilə də əlaqədardır.
“Ağ Ev administrasiyası Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını vahid mərkəz, vahid geosiyasi və geoiqtisadi məkan kimi görür. Nəzərə almaq lazımdır ki, coğrafi baxımdan bu regionlar strateji xarakter daşıyır. Azərbaycan ABŞ-ın qlobal siyasətdə rəqibləri olan İran və Rusiya ilə həmsərhədir. Buna görə də ölkəmiz ABŞ üçün vacib bölgə hesab olunur. Bu səbəbdən də rəsmi Vaşinqton regionda cərəyan edən siyasi proseslərə qoşulmaq qərarına gəliB. Ötən ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşündən sonra sənəd imzalandı və normallaşma prosesi sürətləndi. ABŞ regiona “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP - Zəngəzur dəhlizi) vasitəsi ilə nüfuz edir. ABŞ dünyanın bir sıra regionunda hibrid və ya silahlı güc nümayiş etdirərək siyasətini həyata keçirirsə, bizim bölgəmizdə biznes, əməkdaşlıq, qarşılıqlı etimad, sülhün qorunub saxlanması mexanizmlərini işə salmaqla siyasətini həyata keçirir. Həmçinin, ABŞ Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya da çıxış əldə etmiş olur və bu onun strateji hədəfidir”, - deyən analitik nəzərə çatdırıb ki, fevralda ABŞ-ın vitse-prezidenti Cey Di Vensin regiona səfəri gözlənilir ki, bu da ABŞ-ın regiona artıq pereferiya kimi baxmadığını göstərir.
Analitik əlavə edib ki, Azərbaycan texnologiya, hərbi və iqtisadiyyatın müxtəlif səhələrində ABŞ ilə əməkdaşlıq etməkdə çox maraqlıdır: “Əməkdaşlıq üçün Azərbaycanın böyük potensialı var. Lakin keçmişdən qalan və ədalətsiz olaraq ABŞ-Azərbaycan münasibətlərinin üzərinə kölgə salan bədnam 907-ci düzəliş hələ də qüvvədə qalır. Əslində bu düzəliş öz mahiyyətini çoxdan itirib. Lakin D.Tramp administrasiyasının bunun aradan qaldırılması üçün ciddi addımlar atacağı şübhəsizdir. Hələ 1974-cü ildə ABŞ Konqresi Xarici Ticarət Qanununa “Cekson-Vennik düzəlişi” edib ki, SSRİ-nin ticarət əlaqələrini məhdudlaşdırsın. Sovet İttifaqı dağılsa da bu düzəliş hələ də qüvvədə qalır. Bu da ABŞ ilə ticarətdə və iqtisadi əlaqələrdə müəyyən problemlər yaradır. Hazırda bu düzəlişin də aradan qaldırılması məsələsi müzakirə olunur. Butün bunları nəzərə alaraq deyə bilərik ki, yaxın illərdə regonumuz ABŞ-ın diqqət mərkəzində olacaq və burada sabitlik davamlı xarakter daşıyacaq”.