Tramp Cənubi Koreyaya qarşı rüsumları artırır “Razılaşma öhdəlikləri yerinə yetirilmir”

27.01.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanı Vaşinqtonla imzalanmış ticarət razılaşmasının şərtlərini yerinə yetirməməkdə ittiham edib. 

“AzPolitika” bildirir ki, Tramp bu barədə özünün “Truth Social” platformasında paylaşım edərək, Cənubi Koreyadan idxal olunan avtomobillərə, taxta-şalban məhsullarına, dərman preparatlarına və digər bütün qarşılıqlı ticarət mallarına tətbiq edilən rüsumların 15 faizdən 25 faizə qaldırıldığını açıqlayıb.

ABŞ Prezidenti bildirib ki, söhbət 2025-ci il iyulun 30-da imzalanmış və “Böyük razılaşma” adlandırılan sazişdən gedir. Trampın sözlərinə görə, Cənubi Koreyanın qanunverici orqanı bu razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

“Bizim ticarət razılaşmalarımız Amerika üçün son dərəcə vacibdir. Bu razılaşmaların hər birində biz razılaşdırılmış şərtlərə uyğun olaraq rüsumlarımızı sürətlə azaltmışıq. Təbii ki, ticarət tərəfdaşlarımızdan da eyni addımı atmalarını gözləyirik”, – deyə Donald Tramp qeyd edib.

Analitiklərin fikrincə, Vaşinqtonun Cənubi Koreyaya qarşı rüsumları artırması ABŞ-ın Tramp administrasiyası dövründə sərtləşən proteksionist ticarət siyasətinin davamı kimi qiymətləndirilir. Qərarın ABŞ–Cənubi Koreya iqtisadi münasibətlərində yeni gərginlik yaradacağı istisna edilmir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью