Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən ABŞ Prezidenti Donald Tramp beynəlxalq siyasət, təhlükəsizlik və iqtisadiyyatla bağlı bir sıra reallığa uyğun olmayan bəyanatlar verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, onun Qrenlandiya, NATO, Çin və ABŞ iqtisadiyyatına yatırımlar barədə səsləndirdiyi fikirlər faktlarla təkzib olunur.
Tramp çıxışında ABŞ-nin İkinci Dünya Müharibəsindən sonra Qrenlandiyanı Danimarkaya “geri qaytardığını” iddia edib. Lakin tarixi faktlara əsasən, Qrenlandiya heç vaxt ABŞ ərazisi olmayıb. 1941-ci ildə, Danimarka Nasist Almaniyası tərəfindən işğal edildikdən sonra ABŞ və Danimarka arasında imzalanan razılaşma yalnız adanın müdafiəsini nəzərdə tuturdu. Bu razılaşma çərçivəsində Qrenlandiyada ABŞ hərbi bazaları qurulsa da, suverenliyin ötürülməsi baş verməyib.
ABŞ Prezidenti NATO ilə bağlı da mübahisəli açıqlamalar verərək bildirib ki, Alyansın müdafiə ehtiyaclarının “təxminən 100%-i” ABŞ tərəfindən qarşılanır. BBC qeyd edir ki, bu iddia həqiqəti əks etdirmir. Son illərdə ABŞ-nin payı NATO ölkələrinin ümumi müdafiə xərclərinin təxminən 70%-ni təşkil edib. 2024-cü ildə bu göstərici 65%-ə enib, 2025-ci ildə isə 62% olacağı proqnozlaşdırılır. Bu azalma NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in ən azı 2%-nə çatdırması ilə bağlıdır.
Tramp, həmçinin ABŞ-nin NATO-dan heç vaxt fayda görmədiyini iddia edib. Halbuki, NATO-nun 5-ci maddəsi ilk və yeganə dəfə 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-nin xeyrinə tətbiq olunub. Bundan sonra Alyans üzvləri Əfqanıstandakı hərbi əməliyyatlar zamanı ABŞ-yə qoşun və texnika dəstəyi göstərib. Danimarka da daxil olmaqla bir sıra müttəfiq ölkələr bu əməliyyatlarda ciddi itkilər verib.
Çinlə bağlı səsləndirilən digər bir iddia isə ölkədə külək elektrik stansiyalarının olmadığı yönündə olub. BBC bildirir ki, bu fikir də yanlışdır. Çinin Qansu əyalətində dünyanın ən böyük külək elektrik stansiyası komplekslərindən biri yerləşir və bu obyekt kosmosdan belə görünür. “Our World in Data”nın məlumatına görə, Çin hazırda dünyada ən böyük külək enerjisi istehsalçısıdır.
Trampın ABŞ iqtisadiyyatına 18 trilyon dollar həcmində investisiya cəlb edildiyi barədə açıqlaması da təsdiqini tapmır. Ağ Evin “Amerika istehsalı, texnologiyası və infrastrukturu” üzrə investisiyaları izləyən rəsmi saytında yer alan son məlumatlara görə, Trampın yenidən prezident postuna qayıdışından bu yana investisiyaların ümumi həcmi 9,6 trilyon dollar təşkil edib.
BBC qeyd edir ki, Davosdakı çıxış Trampın beynəlxalq auditoriya qarşısında səsləndirdiyi iddiaların bir daha fakt yoxlamasına ehtiyac olduğunu göstərib.
Murad Məmmədov