Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Fələstin HƏMAS hərəkatının sonuncu israilli girovun cəsədinin tapılmasında mühüm rol oynadığını açıqlayıb. Söhbət İsrail ordusunun serjantı Ran Qvilinin cəsədindən gedir ki, o, bu yaxınlarda İsrail tərəfinə təhvil verilib.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə Axios nəşrinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, cəsədin axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi olduqca çətin olub, çünki müvafiq qruplar ərazidə yüzlərlə cəsədi yoxlamalı olublar. ABŞ prezidenti bu mənzərəni “son dərəcə ağır” adlandırıb və əlavə edib ki, HƏMAS cəsədin tapılması və geri qaytarılması üçün “çox ciddi şəkildə çalışıb” və bu prosesdə İsraillə əməkdaşlıq edib.
Donald Tramp vurğulayıb ki, bundan sonrakı əsas məsələ HƏMAS-ın silahsızlaşdırılmasıdır: “İndi isə HƏMAS-ı verdiyi vədə uyğun olaraq tərksilah etməliyik”. O, İsraildə və regionda HƏMAS-ın dinc yolla silahı yerə qoyacağına dair ciddi şübhələrin mövcud olduğunu etiraf etsə də, bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu təmkin nümayiş etdirəcək və prosesin inkişafına imkan verəcək. Tramp xatırladıb ki, ilkin mərhələdə girovların – həm sağ, həm də həlak olmuş şəxslərin qaytarılması ilə bağlı da oxşar skeptisizm var idi, lakin bu mərhələ artıq uğurla başa çatıb.
Bu arada İsrail tərəfi bildirib ki, Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsi bu həftə “məhdud rejimdə” yenidən açılacaq. Keçidin açılması və Ran Qvilinin cəsədinin İsrailə qaytarılması sülh razılaşmasının birinci mərhələsində mövcud olan son əsas maneələrin də aradan qalxdığını göstərir. Bununla da diqqətin tam şəkildə ikinci mərhələyə — Qəzzanın demilitarizasiyasına, yeni idarəetmə strukturlarının və təhlükəsizlik qüvvələrinin formalaşdırılmasına yönələcəyi bildirilir.
Natiq Səlim,
KONKRET.az