Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft alışını dayandırdığını və bu ölkəyə tətbiq edilən gömrük rüsumunu 18 faizə endirəcəklərini açıqlayıb.
Banco.az xəbər verir ki, Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə apardığı telefon danışığı ilə bağlı sosial şəbəkə hesabında açıqlama paylaşıb.
Modi ilə görüşü zamanı ikitərəfli ticarət, gömrük tarifləri və regional proseslərin müzakirə edildiyini bildirən Tramp qeyd edib: “Modi Rusiyadan neft alışını dayandırmağa və bunun əvəzində ABŞ-dan, ehtimal ki, Venesueladan alınandan qat-qat çox neft almağa razılaşdı”.
Hindistanın Moskvadan neft alışını dayandırmasının Rusiya–Ukrayna müharibəsinin başa çatmasına töhfə verəcəyini vurğulayan Tramp bu inkişafdan məmnunluq duyduğunu ifadə edib.
ABŞ Prezidenti Modi ilə olan dostluğu və ona göstərdiyi hörmətə görə “ABŞ”ın Hindistana tətbiq etdiyi gömrük tarifini 25 faizdən 18 faizə endirəcəklərini açıqlayıb. Tramp bunun qarşılığında Hindistanın da ABŞ-a tətbiq etdiyi gömrük rüsumlarını sıfıra endirəcəyini bildirib.
Donald Tramp əlavə olaraq, Hindistanın ABŞ-dan enerji, texnologiya, kənd təsərrüfatı, kömür və bir çox digər kateqoriyalar üzrə ümumilikdə 500 milyard dollar dəyərində məhsul almağı öhdəsinə götürdüyünü qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!