Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Davos zirvəsindən əvvəl ABŞ Prezidenti Donald Trampla Fransa Prezidenti Emmanuel Makron arasında gərginlik yaşanıb. Makron Trampın “Sülh Şurası”na dəvətini qəbul etməyib. Buna cavab olaraq Tramp fransız içkilərinə 200 faiz tarif tətbiq edə biləcəyini deyib.
Daha sonra Tramp Makronun Qrenlandiya ilə bağlı ona yazdığı şəxsi mesajı öz sosial media hesabında paylaşıb. O, həmçinin NATO Baş Katibi Mark Rutte ilə şəxsi yazışmalarını da ictimaiyyətə təqdim edib.
Fransa–ABŞ gərginliyi nədən qaynaqlanır? Diplomatiyada şəxsi mesajların ictimailəşdirilməsi necə qiymətləndirilir? Fransanın son prezidentləri Sarkozi və Makronun şəxsi reputasiyası Fransanın nüfuzuna necə təsir edir?
Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, hazırda dünya siyasətində ənənəvi diplomatik qaydalar və davranış tərzləri sıradan çıxmaq üzrədir:
“Trampın Makron və Rutte ilə yazışmalarını ictimaiyyətə açıqlaması Avropa İttifaqı (Aİ) və ABŞ arasında ciddi qarşıdurmanın olduğunu göstərir. Aİ rəhbərliyi, xüsusilə Makron bunu büruzə verməsə də, əslində onların hazırda ABŞ-la münasibəti Trampın onlara olan münasibəti ilə eynidir. Bu qarşıdurmada isə belə görünür ki, Tramp istənilən üsulu özü üçün məqbul sayır.
Ümumiyyətlə, Fransa və ABŞ arasında general Şarl De Qoll zamanından başlayaraq bəzən açıq, bəzən də örtülü şəkildə müxtəlif məsələlərə yanaşmada gərginliklər olub. Eyni münasibət ABŞ-ın Avropadakı əsas müttəfiqi hesab etdiyi Böyük Britaniyaya da olub. Hazırda isə Fransa Makronun rəhbərliyində, Aİ ölkələri arasında özünü lider kimi qəbul etdirməyə çalışır. Sözsüz ki, bu durum Fransanın nüfuzuna təsir göstərə biləcək səviyyədədir”.
Politoloq qeyd edib ki, digər Aİ dövlətləri bu qarşıdurmanı diqqətlə izləyir və inkişafdan asılı olaraq mövqelərini müəyyənləşdirəcəklər:
“Fransadakı siyasi qüvvələr, xüsusilə Marin Le Pen Makronu zəiflikdə və dövlətin nüfuzuna xələl gətirməkdə ittiham edirlər və hazırkı vəziyyətdən siyasi maraqları üçün maksimum istifadə etməyə çalışırlar. Eyni zamanda, Almaniya Aİ daxilində bütün istiqamətlər üzrə önə çıxmağa və Makron-Tramp münasibətlərinin mövcud vəziyyətindən də istifadə etməyə çalışır”.
Safura Bənnayeva
Globalinfo.az