Tramp iki ölkəyə meydan oxudu Azərbaycanın rolu diqqət çəkdi

23.01.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın Davosda çıxışı zamanı deyib ki, ölkəsi olmasaydı, bu gün dünya alman və ya yapon dilində danışardı. Halbuki son illər gələcəyin dili kimi Çin dili göstərilirdi. Lakin iddialara görə, Trampın son siyasi və iqtisadi addımları bu proqnozların dəyişməsinə səbəb ola bilər.

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Donald Trampın səsləndirdiyi fikirlər daha çox obrazlı və populist yanaşma kimi dəyərləndirilməlidir:

“Ağ Ev sahibi demək istəyir ki, İkinci Dünya müharibəsində faşist Almaniyasının qarşısı alınmasaydı, dünya miqyasında ciddi hegemonluq yarana bilərdi. Həmin dövrdə Yaponiya da kifayət qədər aktiv idi və nəticə etibarilə ABŞ-ın birbaşa müdaxiləsi müharibənin taleyində mühüm rol oynadı. Bununla yanaşı, faşizmin məğlub edilməsində əsas yükü ABŞ və Böyük Britaniyadan daha çox SSRİ xalqlarının göstərdiyi böyük qəhrəmanlıq daşıyıb. Bu prosesdə Azərbaycan və xalqımız da son dərəcə mühüm rol oynayıb.

Hazırda beynəlxalq ünsiyyətdə əsasən ingilis dili dominant mövqedədir. Ondan sonra fransız və ispan dilləri geniş istifadə olunur. Eyni zamanda milyard yarımdan artıq əhalisi olan Çinin dünya siyasətinə və iqtisadiyyatına təsir imkanları kifayət qədər böyükdür. Bu səbəbdən Pekinlə iqtisadi əlaqələr quran bir çox insanlar bu dili öyrənməyə maraq göstərirlər”.

Arzuxan Əlizadə

Deputat bildirib ki, müasir qloballaşmış dünyada konkret bir dilin tam hegemonluq qazanması real görünmür:

“Bütün dillər əhəmiyyətlidir və beynəlxalq dil balansını qısa müddətdə dəyişmək olduqca çətindir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvlərinin dilləri – ingilis, fransız, Çin və rus dili – BMT-nin rəsmi dilləri sırasında yer alır. Ümumilikdə, Trampın bu tip çıxışları onun xarakterik populist üslubunun tərkib hissəsidir. Bu yanaşma daha çox ABŞ-ın beynəlxalq çəkisini artırmaq və ölkənin rolunu qabartmaq məqsədi daşıyır. Sözügedən fikirlər də məhz bu kontekstdə qiymətləndirilməlidir. Yaxın perspektivdə, xüsusilə Trampın prezidentlik dövrü çərçivəsində, beynəlxalq dil balansının dəyişməsi və konkret bir dilin hegemonluğunun formalaşması real deyil”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью