Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Analitik Stiven Kollinson CNN üçün yazdığı məqalədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı davam edən hücumlarla bağlı ziddiyyətli açıqlamalarının onun öz qərarları nəticəsində siyasi və strateji tələyə düşdüyünü göstərdiyini bildirib.
Redaktor.az xəbər verir ki, Kollinsonun fikrincə, Trampın mövqeyindəki qeyri-müəyyənliklər ABŞ-nin Yaxın Şərq siyasətində daha dərin eskalasiyaya yol aça bilər.
Məqalədə qeyd olunur ki, müəllifə görə, vəziyyəti dəyişmək üçün Tramp daha intensiv və davamlı hərbi əməliyyatlar əmr etmək məcburiyyətində qala bilər ki, bu da İranın əks-hücumlarına səbəb ola bilər. Bu isə ABŞ müttəfiqlərini Fars körfəzində daha geniş münaqişəyə cəlb edə və qlobal enerji bazarlarında böhran riskini artıra bilər.
Kollinson yazır ki, ABŞ-nin növbəti zərbələri hadisələrin gedişini dəyişə bilsə də, eyni zamanda Trampı “çıxış yolu olmayan” bir eskalasiya dövründə saxlaya bilər. Onun fikrincə, belə bir vəziyyətdə prezidentdən istifadə etdiyi strategiyanın effektivliyi barədə suallar daha da artacaq.
Analitik əlavə edib ki, hərbi eskalasiya riski artdıqca münaqişənin nəzarətdən çıxması ehtimalı da yüksəlir və ABŞ-nin atdığı addımlar regionda yanlış anlaşılma və daha geniş qarşıdurma təhlükəsi yarada bilər.
Məqalədə həmçinin bildirilir ki, İran danışıqlarda ABŞ şərtlərini qəbul etmir və Hörmüz boğazı kimi strateji üstünlüklərdən istifadə edərək diplomatik mövqeyini güclü saxlamağa çalışır. Kollinsonun qənaətinə görə, Vaşinqton İranın davranışını dəyişdirməsə, Tehranı razılaşmaya məcbur etmək çətin olacaq.
Aminə ŞAHSUVARQIZI