Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana qarşı nüvə silahından istifadə barədə qərar qəbul edə bilər.
Modern.az xəbər verir ki, bu barədə amerikalı siyasi şərhçi və jurnalist Taker Karlson sosial şəbəkə hesabında paylaşım edib.
Karlson iddia edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Tramp administrasiyasına ciddi təzyiq göstərərək İranın nüvə obyektlərinə zərbə endirilməsinə çalışır.
Onun sözlərinə görə, mümkün hücumun əsas hədəfi İranın mərkəzi hissəsində yerləşən və “Pickax Mountain” kimi tanınan yeraltı obyekt ola bilər. İsrail kəşfiyyatı həmin ərazidə uranın zənginləşdirilməsi proqramının yenidən başladıldığını iddia edir.
Jurnalist bildirib ki, obyektin təxminən 90 metr qalınlığında qranit süxurların altında yerləşməsi adi silahlarla məhv edilməsini çətinləşdirir. Karlsonun iddiasına görə, Netanyahu məhz buna görə nüvə zərbəsi variantını gündəmə gətirməyə çalışır.
O, məlumatlı mənbəyə istinadla İsrail Baş nazirinin bu məsələ ilə bağlı Trampa hər gün zəng etdiyini də irəli sürüb.
Karlson hesab edir ki, Netanyahunun mövqeyi İsraildəki son parlament seçkilərindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədardır. Onun iddiasına görə, Netanyahu hökumət qurmaq üçün Knessetdə tələb olunan 61 deputatın dəstəyini təmin etməkdə çətinlik çəkir və Trampın siyasi müdaxiləsinə ehtiyac duyur.
Jurnalist həmçinin ABŞ-nin müdafiə naziri Pit Heqsetin və Mərkəzi Komandanlığın rəhbəri Bred Kuperin İranla danışıqlar yolu ilə razılaşma əldə edilməsinə qarşı olduqlarını iddia edib.
Karlsonun sözlərinə görə, Tramp nüvə silahından istifadə ilə bağlı qərarını noyabrın 7-dək verə bilər.
Bununla belə, jurnalist ABŞ vitse-prezidenti Cey Di Vensin və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun diplomatik həll variantını müdafiə etdiklərini bildirib.
Karlson mümkün nüvə hücumunun nəticələri barədə də xəbərdarlıq edib. Onun fikrincə, belə bir addım Yaxın Şərqdə humanitar və ekoloji fəlakətə, qlobal enerji bazarlarında ciddi böhrana və nüvə silahından istifadənin digər münaqişələrə yayılması riskinə səbəb ola bilər.
O, hadisələrin daha genişmiqyaslı dünya müharibəsinə çevrilə biləcəyini iddia edərək beynəlxalq ictimaiyyəti mümkün eskalasiyaya qarşı mövqe bildirməyə çağırıb.