Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
"ABŞ İranı dərhal hərbi yolla bitirə bilər, lakin bunu Fars körfəzi ölkələrinin tələbi ilə etmir". Bunu ABŞ prezidenti Donald Tramp özünə məxsus Truth Social hesabında qeyd edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ və Bəhreyn ABŞ-dan İranla bağlı mövcud vəziyyəti kəskinləşdirməməsini xahiş ediblər.
Tramp onu da qeyd edib ki, müttəfiqlərinin mövqeyini nəzərə alıb, lakin bu yanaşma ilə tam razılaşdığından əmin deyil.
Körfəz ölkələri ABŞ-İran qarşıdurmasının kəskinləşməsini niyə istəmirlər? ABŞ-ın İranı daha sərt şəkildə vurmasını bədəlini onlarmı ödəyir? Müharibənin əsas zərbəsini özləri hiss etdilər ondanmı?
Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, BƏƏ və Bəhreyn İranın hərbi gücünün məhdudlaşdırılmasında maraqlı ola bilərlər, amma İranla müharibənin daha da genişlənməsini özləri üçün təhlükəli hesab edirlər: “Onlar İranın güclənməsini istəmirlər, lakin İranın zəiflədilməsi prosesinin bütün regionu dağıdacaq müharibəyə çevrilməsini də arzulamırlar. Bu narahatlığın real iqtisadi əsasları var. Müharibənin ilk ayında Səudiyyə Ərəbistanının neft ixracının üçdə birdən çox azaldığı, BƏƏ-nin neft ixracının 50 faizdən artıq aşağı düşdüyü, Küveytin neft ixracının demək olar ki, dayandığı, Qətər və BƏƏ-nin mayeləşdirilmiş qaz ixracının kəsildiyi bildirilir. Adıçəkilən ölkələr müharibənin yenidən alovlanmasının bu tendensiyanı daha da kəskinləşdirəcəyindən qorxurlar. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun oktyabrın 30-da yaydığı hesabatda isə qeyd olunurdu ki, müharibə zamanı İranın hücumları 12 ölkəni əhatə edib, 6 mindən çox raket və dron istifadə olunub. Hesabatda Körfəz dövlətlərinin ABŞ-ın təhlükəsizlik təminatlarına inamının sarsıldığı, lakin Amerika hərbi imkanlarından asılılığın davam etdiyi vurğulanırdı. Körfəz ölkələri ABŞ-ın, onun hərbi bazalarının onların təhlükəsizliyini heç də qoruya bilmədiyini, əksinə, təhlükəsizliklərinə müharibə zamanı təhdid yaratdıqlarını gördülər. Körfəz ölkələri müharibənin iqtisadi və təhlükəsizlik yükünü öz üzərlərində hiss etdilər. Buna görə də ABŞ-ın yenidən İrana zərbələr endirməsini və müharibənin qızışmasını istəmirlər”.
Ekspert həmçinin qeyd edib ki, İranın dövlət kimi çökməsinin yeni problemlər yarada biləcəyini Körfəz ölkələri hesablayırlar və belə bir situasiyadan sonrakı mərhələdə qonşu ölkələrin də zərər görəcəyini bilirlər. Müharibənin başlamasını və İranın çökməsini həm də buna görə istəmirlər: “Körfəz ölkələrinin Trampa müraciəti bir növ strateji xəbərdarlıqdır ki, İranı zəiflətmək istəyərkən bütün Körfəzi yeni müharibənin qurbanına çevirməyin. Müharibə onları qorxudub. Ancaq bu, sadəcə hərbi qorxu deyil. Onlar anladılar ki, ABŞ-İran qarşıdurmasında coğrafi baxımdan ən həssas tərəflərdən biri məhz özləridir. İranın ABŞ-a vurduğu zərbənin bir hissəsi onların iqtisadiyyatına, təhlükəsizliyinə və gələcək inkişafına da dəyir. Bu səbəbdən onların indiki mövqeyi İranı müdafiə etməkdən daha çox, özlərini növbəti müharibənin dağıdıcı nəticələrindən qorumaq cəhdidir”.