Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonda “çirkli bomba” partlatmaq planına dair ehtimallara çox ciddi yanaşdıqlarını bildirib.
Modern.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Trampın bu açıqlaması ABŞ rəsmilərinin Tehranın nüvə materiallarını artıq gizli şəkildə ABŞ ərazisinə keçirmiş ola biləcəyinə dair şübhələrini faktiki olaraq təsdiqləməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, “çirkli bomba” adi partlayıcı qurğudur. Lakin belə qurğu partladıqda ətrafa radioaktiv materiallar yayılır.
ABŞ prezidenti Filippində keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Avstraliya, Hindistan və Yaponiya liderləri ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistlər ondan ABŞ paytaxtının birbaşa hücum təhlükəsi ilə üzləşib-üzləşmədiyini soruşublar.
“Əgər belə bir şey varsa, onlar indiyədək heç bir ölkənin ödəmədiyi bədəli ödəyəcəklər”, – deyə Tramp bildirib.
O, belə bir ehtimalın gerçəkləşməməsinə ümid etdiyini də vurğulayıb:
“Ümid edirəm ki, belə bir şey yoxdur. Amma biz buna çox ciddi yanaşırıq, çünki onlar dəlidirlər. Məhz buna görə də, hələ də kiminsə bu məsələdə şübhəsi varsa, İranın nüvə silahına sahib olmasına yol vermək olmaz”.
CNN telekanalı öz mənbələrinə istinadən ABŞ kəşfiyyatının məlumatlarının Tehranın Vaşinqtonda mümkün “çirkli bomba” partlayışı ilə bağlı planlar hazırladığını göstərdiyini bildirib.
Kəşfiyyat məlumatları ilə tanış olan mənbələrdən biri qeyd edib ki, Tehran hazırda ABŞ ərazisinə mümkün hücumları fəal şəkildə planlaşdırır.
Bununla belə, mənbə indiyədək İranın hər hansı konkret əməliyyat keçirmək barədə qərar qəbul etdiyini təsdiqləyən sübutların olmadığını vurğulayıb.
İran isə yayılan məlumatları təkzib edib. Tehran bu iddiaları gələcək təcavüzə haqq qazandırmaq məqsədi daşıyan “əsassız ittihamlar” adlandırıb.