Tramp Maduro ilə ABŞ da görüş keçirilməsi imkanını müzakirə edib

29.11.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə ikitərəfli görüş keçirmək ehtimalını müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Tramp və Maduro arasında ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə telefon danışığı baş tutub. Söhbət zamanı liderlərin ABŞ ərazisində görüş təşkil etməsi məsələsi qaldırılıb, lakin hazırda belə bir görüşün keçirilməsi ilə bağlı konkret plan yoxdur. Ağ Ev bu xəbərə münasibət bildirməkdən imtina edib. Venesuela hökuməti də şərh verməyib.

Qəzet yazır ki, Tramp və Maduro arasında birbaşa danışıqlar ABŞ administrasiyasının mümkün hərbi gərginliyin artmasının qarşısını almaq cəhdi kimi dəyərləndirilə bilər.

21 noyabrda Tramp "Fox News"a müsahibəsində yaxın vaxtlarda Maduro ilə danışıqlar aparmağı planlaşdırdığını bildirib.

Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər fəal olmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində “Gerald R. Ford” aviadaşıyıcısı, atom sualtı qayığı və 16 mindən çox hərbçinin də yer aldığı zərbə qrupu yerləşdirib. Sentyabrdan bəri ABŞ ordusu bölgədə ən azı 20 sürətli qayığı məhv edib, nəticədə 80-dən çox şəxs həlak olub.

ABŞ mediası dəfələrlə Vaşinqtonun yaxın zamanda Venesuela ərazisinə zərbələr endirə biləcəyi barədə məlumat yayıb. Cümə axşamı Tramp bəyan edib ki, Vaşinqton “çox tezliklə quru ərazidə” Venesueladan gələn narkotrafikə qarşı mübarizəyə başlayacaq, lakin mümkün hərbi əməliyyatlar barədə detallar açıqlamayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью