Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bunu Ölkə.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 23-də ABŞ Prezidenti Donald Trampla birgə TRIPP layihəsini işə salma mərasimində çıxış edib. Siyasi icmalçının fikrincə, N.Paşinyanın nitqində üç mühüm məqam var və onlara diqqət yetirmək lazımdır:
“Birincisi, Sünikdə belə bir prosesə start verilir. Açığı, Paşinyan bunu müstəqillik dövründən bəri ən böyük layihə adlandırır. Bu, çox yaxşı yanaşmadır. İkincisi, dəmir yolu üzərində fokuslanmaqla bağlıdır. TRIPP-in yalnız dəmir yolu kimi nəzərdə tutulmadığını, enerji, elektrik və tranzit şəbəkələrini əhatə etdiyini açıqlaması çox əhəmiyyətli oldu. Həmçinin burada Ermənistanın Azərbaycan və Türkiyənin enerji şəbəkələrinə bağlanacağını açıqladı. Digər bir məsələ də var ki, İranın bu açıqlaması dərhal qarşılandı. Yəni bölgədə Birləşmiş Ştatlar faktoru artıq rəsmiləşir".
Ə.Əlibəyli vurğulayıb ki, TRIPP layihəsinin təməlqoyma mərasimində çıxış edən ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür etməsi təsadüfi deyil. Onun sözlərinə görə, bütün bu proseslərə 2025-ci il avqustun 8-də Vaşinqtonda müzakirə olunan məsələlərin mahiyyətinin ortaya qoyulması kimi yanaşılmalıdır:
"Burada birtərəfli yanaşma deyil, üçlü yanaşma ortaya qoyulur".
Politoloq deyib ki, Azərbaycan Ermənistanla müqayisədə bütün dövrlərdə daha irəlidə olub. İndi də elədir. Onun sözlərinə görə, xarici işlər naziri Ceyhun Bayramov da noyabrın 23-də verdiyi açıqlamada bunu dedi.
"Azərbaycan həm dəmir yolları, həm də avtomobil yolları məsələsində üzərinə düşən işləri tamamlayıb. Azərbaycan 2027-ci ilin əvvəllərində prosesi tam başa çatdıracaq. Bu dəfə 42 kilometr məsafədən söhbət gedir. Bakının burada şərtləri var ki, layihənin giriş və çıxış nöqtələri Azərbaycanın ərazisindədir. Ona görə də texniki parametrlər Azərbaycanla razılaşdırılmalıdır. Üçtərəfli texniki işçi qrup məsələnin üzərində işləyir”.
Həmidə İbrahimova