“Tramp marşrutu” Orta Dəhlizin əsas elementinə çevrilə bilər Polşalı ekspertlə MÜSAHİBƏ

04.03.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 mart, AZƏRTAC

Son illərdə Cənubi Qafqaz artan geosiyasi diqqət mərkəzinə çevrilib. Bu prosesdə əsas rol Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi, eləcə də regionun iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində fəal təşəbbüslərlə çıxış edən Amerika Birləşmiş Ştatlarına məxsusdur. Xüsusilə, ABŞ-nin Prezidenti Donald Trumpın adı ilə assosiasiya olunan “Tramp marşrutu” layihəsi və nəqliyyat sistemlərinin inteqrasiyası regionun tranzit potensialının artırılmasında mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüslər Azərbaycanın logistika və iqtisadi mərkəz kimi mövqeyinin güclənməsinə, eyni zamanda, regional əməkdaşlığın dərinləşməsinə töhfə verir. Vaşinqtonun fəal iştirakı ABŞ-nin energetika və ticarət sahələrində strateji maraqları ilə yanaşı, Cənubi Qafqazda dayanıqlı sabitlik mühitinin formalaşdırılması niyyətini də əks etdirir.

AZƏRTAC mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə polşalı ekspert Voytsex Voytaseviçlə müsahibəni oxuculara təqdim edir.

- ABŞ-nin Cənubi Qafqazda sülh və inkişaf proseslərinə, o cümlədən Birləşmiş Ştatların vitse-prezidentinin səfərindən sonra Azərbaycan və Ermənistanla əməkdaşlığa cəlb olunma səviyyəsini necə qiymətləndirirsiniz?

- ABŞ-nin Cənubi Qafqazdakı proseslərə, ilk növbədə, Ermənistanda və Azərbaycanda baş verən proseslərə cəlb olunma səviyyəsi bu gün son illərin ən yüksək həddinə çatıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya son səfəri Prezident Donald Tramp administrasiyasının Ermənistanla Azərbaycan arasında sülh prosesinə və prosesin tam yekunlaşdırılmasına nə dərəcədə əhəmiyyət verdiyini aydın şəkildə nümayiş etdirdi.

Sülh prosesinin uğurla başa çatdırılması Donald Tramp üçün ciddi xarici siyasi nailiyyət ola bilər və onu arzuladığı Nobel Sülh mükafatına yaxınlaşdıra bilər. Bununla yanaşı, burada praqmatik iqtisadi hesablamalar da mövcuddur.

Birincisi, ABŞ Azərbaycanla onun eksklavı olan Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə Türkiyəyə və Avropa İttifaqı ölkələrinə çıxışı nəzərdə tutan “Tramp marşrutu” nəqliyyat dəhlizinin tikintisi və sonrakı mərhələdə idarə olunmasından Amerika şirkətlərinin gəlir əldə etməsində maraqlıdır.

İkincisi, bu marşrutun yaradılması hesabına Orta Dəhlizin ötürücülük qabiliyyətinin genişləndirilməsi Asiya ilə Avropa, eləcə də ABŞ arasında ticarət axınlarının artmasına imkan verəcək ki, bu da birbaşa Amerikanın iqtisadi maraqlarına cavab verir.

Üçüncüsü, Vaşinqton Ermənistan hakimiyyətinin yeni atom elektrik stansiyasının və ya kiçik modul reaktorların tikintisi üzrə müqaviləni Amerika şirkətlərinə təqdim edəcəyini gözləyir. Bu obyektlər təxminən on ildən sonra hazırda fəaliyyət göstərən Metsamor AES-i əvəz etməlidir.

Dördüncüsü, ABŞ Ermənistan və Azərbaycanla hərbi-texniki əməkdaşlığı gücləndirmək niyyətindədir. Eyni zamanda, İrəvana təxminən 11 milyon dollar məbləğində pilotsuz uçuş aparatlarının satışı da nəzərdə tutulur.

- ABŞ ilə Azərbaycan arasında Strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin yeni formatını əks etdirir. Bu sənəd regionun iqtisadi və nəqliyyat inkişafı baxımından hansı müsbət nəticələr verə bilər?

- ABŞ ilə Azərbaycan arasında Strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması Prezident İlham Əliyevin mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir və onun çoxşaxəli xarici siyasətini möhkəmləndirir. Sənəd nəqliyyat, infrastruktur və ticarət sahələrində gələcək əməkdaşlıq üçün institusional çərçivə yaradır.

ABŞ Azərbaycanın enerji, ticarət, IT, maliyyə, nəqliyyat və logistika mərkəzi kimi rolunun gücləndirilməsinə dəstək verdiyini bəyan edir. Oxşar xartiyalar daha əvvəl Ermənistanla ötən ilin əvvəlində, Gürcüstanla isə 2009-cu ildə imzalanıb. Lakin Gürcüstanla imzalanmış sənəd 2024-cü ilin payızında Prezident Co Bayden administrasiyası tərəfindən Tbilisinin demokratikləşmə və Avro-Atlantik inteqrasiya kursundan uzaqlaşması fonunda dayandırılıb.

Bu əməkdaşlıq “Tramp marşrutu”nun yaradılması, Ermənistan, Azərbaycan və Türkiyə arasında sərhədlərin açılması, avtomobil və dəmir yolu infrastrukturunun bərpası və inkişafı ilə birbaşa əlaqəlidir. Bütün bunlar həm region daxilində, həm də bir tərəfdən Çin və Mərkəzi Asiya ölkələri, digər tərəfdən isə Avropa İttifaqı arasında ticarətin artmasına gətirib çıxaracaq.

Ən böyük iqtisadi effekt Ermənistan üçün olacaq. Otuz ildən artıq iqtisadi blokadadan sonra bu ölkə qonşularla ticarət əlaqələrini sərbəst inkişaf etdirmək imkanı əldə edəcək. Bu, onun ticarət-nəqliyyat sahəsində Gürcüstandan və İrandan asılılığını azaldacaq, eyni zamanda, İrəvanın Rusiya ilə münasibətlərində mövqelərini gücləndirəcək.

Ümumilikdə Cənubi Qafqazda gedən proseslər Azərbaycanı həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli dərəcədə gücləndirir və onu Türkiyə ilə birlikdə regional hegemon səviyyəsinə yüksəldir.

- ABŞ-nin sülh prosesi və tranzit layihələrinə fəal dəstəyini nəzərə alaraq, bu prosesi daha dayanıqlı etmək üçün hansı addımlar atıla bilər?

- İlk növbədə, ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesinin tam başa çatdırılmasını təmin etməlidir. Bu, yekun sülh müqaviləsinin imzalanmasını və sərhədin delimitasiya və demarkasiya prosesinin yekunlaşmasını nəzərdə tutur.

Vaşinqton Avropa İttifaqı ilə birlikdə Ermənistanın sərhəd infrastrukturunun inkişafına və sərhədçilərin hazırlanmasına dəstək verə bilər. Nəzərə almaq lazımdır ki, uzun illər ölkənin sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidməti qoruyub. Avropa İttifaqı nəqliyyat layihələrinə də cəlb olunmalıdır.

“Tramp marşrutu”nun dəmir yolu hissəsində Rusiyanın iştirakı tələb oluna bilər. Çünki Ermənistan dəmir yollarının idarə edilməsi üzrə lisenziya məhz Rusiyaya məxsusdur.

ABŞ marşrutun fasiləsiz və təhlükəsiz fəaliyyətinə də təminat verməlidir. Həm bu marşrutun, həm də bütövlükdə Orta Dəhlizin cəlbediciliyini artırmaq üçün iştirakçı ölkələr Xəzər dənizində yükdaşıma və gömrük rəsmiləşdirilməsi prosedurlarını maksimum dərəcədə sadələşdirməlidirlər.

Sərhədlərin açılması, avtomobil, dəmir yolu və enerji bağlantılarının yaradılması Ermənistan, Azərbaycan və Türkiyə arasında qarşılıqlı asılılığı gücləndirəcək. Bununla belə, sülh prosesinin yekunlaşması və “Tramp marşrutu”nun reallaşdırılması üçün Ermənistanda hakim partiyanın iyun ayında keçiriləcək parlament seçkilərində qələbə qazanması mühüm əhəmiyyət daşıyır.

- Regionun nəqliyyat sistemlərinin inteqrasiyasına yönəlmiş TRIPP layihəsi Avropa ilə Asiya arasında yeni iqtisadi körpü kimi qiymətləndirilir. Onun əsas üstünlükləri nədən ibarətdir və bu layihə Azərbaycan və region üçün nə deməkdir?

- “Tramp marşrutu” Azərbaycanın tranzit və ticarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək və onun iqtisadi inkişafına müsbət təsir göstərəcək. Gürcüstandan keçən mövcud marşrut qismən Ermənistan üzərindən keçən daha qısa yol ilə əvəz olunacaq. Lakin bu, Gürcüstan istiqamətinin ləğv olunması demək deyil. Neft və qaz kəmərləri bu ölkənin ərazisindən keçməyə davam edəcək.

Asiya ilə Avropa arasında ticarətin artması və Rusiyaya qarşı Qərb sanksiyaları səbəbindən Şimal dəhlizinin faktiki olaraq sıradan çıxması fonunda Cənubi Qafqaz üzərindən daşımaların həcmi ardıcıl şəkildə artacaq. Bu isə regionun hər üç respublikası üçün tranzit rüsumları hesabına əhəmiyyətli gəlir deməkdir.

“Tramp marşrutu” gücləndirilmiş Orta Dəhlizin əsas elementinə çevrilmək potensialına malikdir. ABŞ-nin “Tramp marşrutu”nun yaradılması və sonrakı mərhələdə idarə edilməsində iştirakı marşrutun fasiləsiz və təhlükəsiz fəaliyyətinə zəmanət olacaq.

- Analitik araşdırmalarınızda geosiyasi balanslara geniş yer ayırırsınız. Digər aktorların təsiri fonunda ABŞ-nin Cənubi Qafqazdakı strateji mövqeyini necə qiymətləndirirsiniz və bu, Azərbaycan üçün nə deməkdir?

- ABŞ-nin regionda iştirakının artması Çinin təsirinin azalması anlamına gəlmir. Son illərdə Cənubi Qafqazın üç respublikası da Çin ilə strateji tərəfdaşlıq sazişləri imzalayıb və infrastrukturla energetika sahələrində Çin investisiyalarına maraq göstərir.

Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması halında isə Ermənistanın infrastrukturunun inkişafında Çinin iştirakının mümkünlüyü kifayət qədər real görünür. Bu proses fonunda Amerika Birləşmiş Ştatlarının fəallığı regionda çoxşaxəli əməkdaşlıq mühitinin formalaşdığını göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью