Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Hraparak” qəzeti ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana gözlənilən səfərinin detalları ilə bağlı maraqlı açıqlama yayıb.
“Məlum olduğu kimi, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevral ayında Ermənistana və Azərbaycana səfər edəcək. “Səfərin əsas məqsədinin “TRIPP”-in işə salınması olacağı aydındır. Səhmlərin 74 faizini Amerika tərəfinin, 26 faizinin isə Ermənistana aid olacağı birgə müəssisənin yaradılması barədə müqavilə imzalanacaq. Lakin “TRIPP” Vensin diqqət mərkəzində olacaq yeganə sahə deyil”,- deyə qəzet yazır.
Qeyd edilir ki, pərdə arxasında Ermənistanın ABŞ-yə modul nüvə elektrik stansiyası tikməyi nəzərdə tutan sənədin imzalanması ehtimalı ilə bağlı şayiələr gəzir.
“Bu mövzu artıq bir neçə ildir ki, hökumətin gündəliyindədir.
Rusiya da oxşar bir sorğu təqdim edib. Təbii ki, qərar siyasi olacaq: Qərb və ABŞ Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını və modul tipli nüvə elektrik stansiyalarının tikintisini Rusiyanı regiondan sıxışdırmaq proqramlarının bir hissəsi kimi görürlər”.
Xatırladaq ki, C. D. Vensin Ermənistanda və Azərbaycanda imzalayacağı müqavilələrlə bağlı ABŞ Prezidenti Donald Tramp yanvarın 26-da özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Vitse-prezident Vens sülh səylərimizi inkişaf etdirmək və “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu”nu irəlilətmək üçün fevral ayında hər iki ölkəyə səfər edəcək, Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcək, Ermənistanla əla mülki nüvə əməkdaşlığı müqaviləsi imzalayacaq, ən böyük yarımkeçirici istehsalçılarımızla müqavilələr bağlayacaq.
Azərbaycana ABŞ istehsalı olan müdafiə avadanlıqları, məsələn, zirehli gödəkcə, qayıqlar və daha çox şey satacağıq”, - deyə Tramp bildirib.
ABŞ vitse-prezidentinin dinc məqsədlərlə Ermənistanla imzalayacağı müqavilə öncə diqqətdən yayınsa da bu məsələnin arxasında ciddi geosiyasi planın dayandığını görmək olar. Əslində, mülki nüvə əməkdaşlığının hansı sahələri əhatə edəcəyi tam açıqlanmır. Lakin ABŞ-nin Ermənistana modul tipli nüvə enerjisi stansiyalarının inşasını təklif etdiyinə dair məlumatlar xeyli müddətdir dolaşır.
Qeyd edək ki, “Metsamor” Atom Elektrik Stansiyasının bağlanması məsələsini hələ 2016-cı ildə ABŞ-nin Ermənistandakı səfiri vəzifəsində çalışan Riçard Milz qaldırmışdı. Diplomat AES-in bağlanması müqabilində ABŞ-nin Ermənistanda alternativ və bərpa olunan enerji istehsalına 8 milyard dollar investisiya qoymağa hazır olduğunu bildirmişdi. Milzin bu açıqlaması Rusiya hakimiyyətində kifayət qədər narahatlığa səbəb oldu.
Çünki 8 milyard dollar sərmayə Ermənistanın Rusiyadan enerji asılılğına son qoyulması demək idi. Az sonra Avropa İttifaqı da Ermənistanda AES-in başlanması şərtilə alternativ və bərpa olunan enerji sahəsinə 250 milyon avro ayırmaq istəyini bəyan etdi.
Lakin həmin vaxt Ermənistan prezidenti olan Serj Sarkisyan Rusiya ilə münasibətlərə üstünlük verərək bu təklifi qəbul etmədi. Hətta 2017-cı ilin noyabr ayında Ermənistanla Avropa İttifaqı arasında imzalanmış “Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi”ndə də İrəvana enerji təhlükəsizliyinə dair əməkdaşlığın əsas şərtlərindən biri kimi “Metsamor” AES-in bağlanmasını daxil etmək təklif edilmişdi.
Lakin Serj Sarkisyan Rusiyanın strateji maraqlarına zidd olan bu öhdəliyi Kremlin tapşırığı ilə sənəddən çıxartdıraraq qəbul etmədi. Qapalı danışıqlarda ABŞ-nin və Avropa İttifaqının Nikol Paşinyandan “Metsamor” Atom Elektrik Stansiyasını bağlamağı tələb etdiklərinə dair məlumatlar var.
2024-cü ilin aprel ayında Ermənistan, Avropa İttifaqı və ABŞ dövlət katibinin iştirakı ilə keçirilən üçtərəfli Brüssel sammitində Qərbin Paşinyandan “Metsamor” AES-i bağlamaq, enerji sahəsində Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı seçmək barədə tələblərinə dair məlumatlar sonradan üzə çıxdı.
Məqsəd isə Rusiyanın Cənubi Qafqazda strateji mövcudluğunu təmin edən AES-i bağlamaq və Moskvanın regiondakı fəaliyyətinə son qoymaqdır. Əgər ABŞ əvvəllər İrəvana yalnız alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq təklif edirdisə, son illər aparılan qapalı danışıqlarda Ermənistanda modul atom elektrik stansiyasının inşası məsələsi daha çox yer alır.
Vaşinqtonun təklifi Ermənistanı Rusiyanın enerji asılılığından çıxartmaq baxımından, Paşinyanın hakimiyyətinin maraqlarına cavab verir. Ona görə də ABŞ şirkətinin Ermənistanda AES inşa etməsinə dair razılaşma Rusiya ilə münasibətlərdə gərginliyə səbəb olacaq.
Əvvəla, “Metsamor” AES Rusiya üçün həm iqtisadi, həm də geosiyasi kontekstdə strateji əhəmiyyət kəsb edir. Ermənistanın Kremlin nəzarətində qalmasında “Metsamor” AES Rusiyanın Gümrüdəki hərbi bazası qədər vacib rol oynayır.
2023-cü ilin dekabr ayında Rusiyanın “Rosatom Service” səhmdar cəmiyyətinin Ermənistan tərəfi ilə imzaladığı müqaviləyə uyğun olaraq stansiyanın istismar müddəti 2036-cı ilə qədər uzadılıb.
Müqaviləyə əsasən Rusiya “Metsamor” AES-i modernləşdirməyi üzərinə götürüb. 2014-cü ildə imzalanmış müqaviləyə əsasən AES-in ikinci blokunun Rusiya tərəfindən yenidən qurulub. Bu isə yeni atom elektrik stansiyası inşa edilənə qədər əslində, istismar müddəti başa çatmış və region üçün təhlükə mənbəyi hesab edilən “Metsamor”dan istifadə etməyə imkan verir.
Rusiya Ermənistana 1200 meqavat gücündə müasir tələblərə cavab verən su ilə soyudulmuş reaktor stansiyası, ABŞ isə kiçik modul nüvə reaktoru təklif edir. Modul nüvə reaktoru əsasən buzqıran gəmilər, sualtı qayıqlarda istifadə olunduğundan bəzi erməni mütəxəssislər ABŞ-nin təklifini Ermənistan üçün əlverişsiz hesab edir. Lakin Rusiya tərəfi bir amili nəzərə almır.
Bu da Ermənistanla Azərbaycan arasında münaqişənin başa çatması ilə əlaqədar regionda status-kvonun dəyişməsi ilə bağlıdır. Azərbaycan və Ermənistan sülh müqaviləsinə yaxın olmaqla yanaşı, kommunikasiyaların açılmasına dair razılaşma da əldə edib. ABŞ vitse-prezidentinin İrəvana səfəri zamanı imzalayacağı müqavilə üzrə “Tramp marşrutu”ndan yalnız yollar deyil, enerji xətləri də keçəcək.
Bu isə Ermənistanın elektrik enerjisi ilə təmin olunmasında yeni mərhələnin əsasını qoya bilər. Kommunikasiyaların digər istiqamətlərdə açılması Ermənistanın Azərbaycandan, eyni zamanda Azərbaycan vasitəsilə Rusiyadan elektrik enerjisi idxalında mühüm rol oynayacaq.
Mərkəzi Asiya ölkələrinin Avropaya elektrik enerjisini nəqlini nəzərdə tutan və “yaşıl enerji” adlanan layihəyə maraq göstərdiyini nəzərə alsaq, həmin xətlərin Ermənistan ərazisindən keçməsi “Metsamor” AES-ə ehtiyacı azaldacaq.
Eyni vəziyyət Türkiyə-Ermənistan münasibətlərinə də aiddir. İki ölkə arasında sərhədlərin açılması və münasibətlərin normallaşmasından sonra Ermənistanın Türkiyədən elektrik enerjisi almaq imkanları yaranacaq.
Eyni zamanda, Qərb şirkətləri Ermənistan ərazisindəki dağ çaylarında kiçik istilik elektrik stansiyalarının inşasına maraq göstərir. Yəni Ermənistan enerjiyə olan tələbatını yerli istehsaldan əlavə, həm xarici mənbələr hesabına, həm də tranzit ölkə kimi ödəmək imkanına qazana bilər.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Açar sözlər: Metsamor Tramp Ceyms Devid Vens
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin