Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı 2027-ci ildə Ağ Evə dəvət edib.
Modern.az xəbər verir ki, Tramp bu barədə TRIPP layihəsinin praktiki icra mərhələsinə başlanılması münasibətilə yayımladığı videomüraciətdə bildirib.
“Gələn il Milli Dua Səhər Yeməyində iştirak etmək üçün Vaşinqtona gələndə Baş nazir Nikol Paşinyanı da Ağ Evə dəvət etmək istərdim”, – deyə ABŞ lideri bildirib.
Tramp Ermənistanla ABŞ arasında tərəfdaşlıq məsələsinə də toxunaraq, bunun regionda nəqliyyat kommunikasiyalarının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
“ABŞ və Ermənistan arasında tərəfdaşlıq regionda malların daşınması, enerji resurslarının nəqli, eləcə də insanların səfərləri üçün yeni ticarət yolları yaradacaq. Biz bu layihənin böyük uğur qazanmasını təmin etməyə sadiqik”, – deyə o qeyd edib.
Ağ Ev rəhbəri Ermənistan və Azərbaycan liderlərinə ABŞ-la əməkdaşlığa, həmçinin “Tramp marşrutu” layihəsinin praktiki icra mərhələsinə başlanmasını mümkün etdiklərinə görə təşəkkür edib.
“Bizimlə əməkdaşlıq etdiyinizə, bu günü mümkün etdiyinizə, həmçinin namizədliyimi Nobel Sülh Mükafatına irəli sürdüyünüzə görə təşəkkür edirəm”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Paşinyanla görüş zamanı regionda sülhün effektiv şəkildə irəlilədilməsi və ikitərəfli əlaqələrə yeni təkan verilməsi yollarını müzakirə etmək imkanı olacaq.
Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan TRIPP layihəsinin praktiki icrasına başlanıldığını açıqlayıb.
Amerikanın AECOM şirkəti layihə üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryana və dövlət idarəetmə orqanlarının nümayəndələrinə təqdim edib.