Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ, Rusiya və Çin liderlərinin mümkün üçtərəfli görüşü beynəlxalq siyasətdə yeni geosiyasi düzənin formalaşması ilə bağlı müzakirələri gündəmə gətirib. Dünyanın üç böyük gücünün eyni masa arxasında əyləşməsi Ukrayna müharibəsinin gələcəyi, ABŞ-Çin rəqabəti, Tayvan məsələsi və qlobal iqtisadi münasibətlər baxımından mühüm hadisə kimi qiymətləndirilir. Lakin belə bir görüşün real siyasi nəticələr verəcəyi, yoxsa yalnız diplomatik xarakter daşıyacağı sual doğurur.
Bəs ABŞ, Rusiya və Çin liderləri arasında mümkün razılaşma dünyada yeni güc balansı yarada bilərmi? Böyük dövlətlərin öz aralarında razılığa gələrək dünyanı təsir dairələrinə bölməsi nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, üç böyük dövlətin liderlərinin bir araya gəlməsi heç də avtomatik olaraq dünya siyasi nizamının dəyişməsi demək deyil.
Onun sözlərinə görə, belə görüşlərin əhəmiyyəti xüsusilə Rusiya tərəfindən qabardılır:
“Bu cür görüşləri adi diplomatik təmas kimi xarakterizə etmək olar. Rusiya, xüsusilə Kremlə yaxın media qurumları belə görüşlərin əhəmiyyətini daha çox qabartmağa çalışır. Məqsəd Vladimir Putinin beynəlxalq siyasətdəki rolunu ön plana çıxarmaq, Rusiyanın hələ də qlobal qərarların qəbulunda əsas güc mərkəzlərindən biri olduğunu nümayiş etdirməkdir. Əslində isə ABŞ, Çin və Rusiya arasında kifayət qədər ciddi geosiyasi ziddiyyətlər mövcuddur”.
Politoloq qeyd edib ki, tərəflər arasında fikir ayrılıqları təkcə Ukrayna müharibəsi ilə məhdudlaşmır. Yaxın Şərqdə baş verən proseslər, İran ətrafındakı hərbi-siyasi gərginlik, beynəlxalq ticarət və təhlükəsizlik məsələləri də bu dövlətlərin maraqlarının toqquşduğu əsas istiqamətlərdəndir.
Məhəmməd Əsədullazadənin fikrincə, hazırda qlobal siyasətdə diqqətçəkən əsas məqamlardan biri dünya güc balansının tədricən Qərbdən Asiyaya doğru dəyişməsidir.
“Çin artıq qlobal güc kimi ön plana çıxır. Bununla belə, ABŞ və Çin arasında ciddi siyasi, iqtisadi və strateji ziddiyyətlər qalmaqdadır. Tərəflər ticarət, gömrük rüsumları və iqtisadi əməkdaşlıq məsələlərində müəyyən razılaşmalar əldə edə bilərlər. Lakin Tayvan məsələsində mövqelər bir-birindən kəskin fərqlənir. Sakit okean regionunda da ABŞ və Çinin strateji maraqları üst-üstə düşmür. Buna görə də iqtisadi sahədə mümkün yaxınlaşma iki ölkə arasındakı geosiyasi rəqabətin sona çatması anlamına gəlmir”.
Ekspert Ukrayna müharibəsinin həlli məsələsinə də toxunaraq bildirib ki, ABŞ və Rusiya liderləri arasında müəyyən ortaq mövqelərin formalaşması mümkün olsa da, bunun yekun sülh razılaşmasına çevrilməsi olduqca mürəkkəb prosesdir.
“Tramp və Putin arasında Ukrayna məsələsində müəyyən ortaq məxrəc tapıla bilər. Ancaq burada yalnız ABŞ və Rusiyanın mövqeyi həlledici deyil. Ukraynanın və Avropa dövlətlərinin də maraqları, təhlükəsizliklə bağlı tələbləri var. Bu amillər nəzərə alınmadan davamlı sülhün əldə olunması çətin görünür”.
Politoloq hesab edir ki, ABŞ, Rusiya və Çinin bir masa arxasında əyləşməsi onların bütün strateji məsələlərdə razılığa gələcəyi anlamını daşımır.
“Bu dövlətlər bir-biri ilə ciddi geosiyasi rəqabət aparırlar. Belə şəraitdə onların bütün məsələlər üzrə ortaq mövqeyə gəlməsi real görünmür. Dünyanın təsir dairələrinə bölüşdürülməsi və yeni beynəlxalq nizamın formalaşdırılması üçün tərəflər arasında daha geniş strateji razılaşmalar olmalıdır. Hazırkı ziddiyyətlər isə buna imkan vermir”.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, üç böyük güc arasında mümkün görüş yalnız konkret siyasi razılaşmalar əldə olunacağı təqdirdə dünya nizamına ciddi təsir göstərə bilər. Əks halda, belə bir görüş beynəlxalq münasibətlərdə əsaslı dəyişiklik yaratmayan növbəti diplomatik təmas olaraq qalacaq.
Aynurə İsmayıl
KONKRET.az