Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya prezidenti Vladimir Putin Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlar çərçivəsində güzəştlərə gedəcək.
"Report"un Ağ Evə istinadən məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərindən Vaşinqtona gedərkən "Air Force 1" təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, razılaşmaya nail olmaq üçün bütün tərəflər güzəştə getməlidir və bu prosesdə Avropa da iştirak etməlidir, çünki bu qoca qitə üçün daha böyük əhəmiyyət kəsb edir.
"Prezident Putinin razılaşmaya hazır olmadığı dövrlər olub, Ukrayna Prezidenti Volodimir Zelenskinin hazır olmadığı dövrlər də olub – bu anlar üst-üstə düşməyib. Hazırda, mənim fikrimcə, hər iki tərəf danışıqlara hazırdır", – deyə Tramp qeyd edib.
O vurğulayıb ki, Davosdakı görüşdə Ukrayna lideri razılaşma imzalamağa hazır olduğunu bildirib: "Əvvəllər mənim buna tam əminliyim yox idi".
Qeyd edək ki, hazırda Moskvada Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner arasında görüş keçirilir.