Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin həlli məsələsindən söz açıb. Tramp rusiyalı həmkarının bu məsələdə ona heyranlıqla danışdığını deyib.
“Prezident Putin mənə dedi: ‘İnana bilmirəm ki, bu münaqişəni həll etmisiniz. Mən onu 10 il həll etməyə çalışdım".
ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərini ötən il avqustun 8-də Ağ Evə dəvət etməsi və sülhün əldə olunması ilə bağlı tərəflər arasında razılaşmanın imzalanmasından danışıb.
Donald Tramp Qafqazdan danışarkən bölgəni “Putinin ərazisi” adlandırıb.
Trampın bu açıqlaması Cənubi Qafqaz dövlətlərinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid kimi dəyərləndirilə bilər. ABŞ Prezidenti yalnız Şimali Qafqazı Rusiya ərazisi kimi tanımaq hüququna malikdir. Cənubi Qafqazda yerləşən Azərbaycan Gürcüstan və Ermənistan isə beynəlxalq suveren hüquqlara malik müstəqil dövlətlərdir. Cənubi Qafqaz başqa dövlətin və ya prezidentin ərazisi kimi tanına bilməz. Hazırda Azərbaycandan Azərbaycana keçidi Ermənistan ərazisində inşa olunacaq “Tramp marşrutu” vasitəsilə təmin edəcək nəqliyyat dəhlizini 99 il müddətinə idarəetməyə götürmüş ABŞ Prezidentinin bu cür açıqlaması qeyri-ciddi səslənir.
Politoloq Züriyyə Qarayeva "Cümhuriyət"-ə bildirib ki, Qafqazı “Putinin ərazisi” kimi təqdim etmək siyasi baxımdan yanlış və reallıqdan uzaq yanaşmadır:
“Qafqaz vahid subyekt deyil, suveren dövlətlərin, müxtəlif maraqların və çoxşaxəli geosiyasi balansların mövcud olduğu mürəkkəb regiondur. Bu məkanın taleyini tək bir liderin və ya dövlətin iradəsinə bağlamaq regionun son onilliklərdə keçdiyi transformasiyanı, xüsusilə də Azərbaycanın müstəqil siyasət kursunu və real güc kimi formalaşmasını görməzdən gəlmək deməkdir. Qafqaz nə tarixi, nə hüquqi, nə də siyasi baxımdan kiminsə ərazisi ola bilər və belə ifadələr imperiya reflekslərinin köhnəlmiş düşüncə tərzindən qaynaqlanır".
Ekspert hesab edir ki, bu cür açıqlamalar daha çox böyük güclər arasında rəqabətin dili ilə bağlıdır və regionun real dinamikalarını əks etdirmir:
"ABŞ daxilində və Qərb siyasi diskursunda bəzən postsovet məkanına hələ də Moskvanın təsir zonası kimi baxan köhnə stereotiplər qalmaqdadır. Amma praktika göstərir ki, Qafqaz ölkələri, xüsusilə Azərbaycan artıq öz təhlükəsizlik və xarici siyasət qərarlarını müstəqil şəkildə formalaşdırır və regional gündəliyi özü müəyyən edir.
Ona görə də Qafqazı “Putinin ərazisi” kimi təqdim etmək nə analitikdir, nə də siyasi məsuliyyətlidir. Bu, sadəcə reallığı sadələşdirən və regionun suverenliyini kölgə altına alan absurd yanaşmadır”.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin