Tramp səhər bir söz, axşam isə başqa söz deyir Yusif Bağırzadə

23.01.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində çıxışı zamanı bildirib ki, İranla danışıqlar aparmaq niyyətindədir.

Əgər ABŞ Tehranla danışıqlar aparsa, hansı dəyişikliklər baş verə bilər?

Politoloq Yusif Bağırzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, İranla İsrail arasında baş vermiş 12 günlük müharibədən sonra və həmin müharibəyə ABŞ Hərbi Hava Qüvvələri müdaxilə etdikdən, eləcə də İrana məxsus nüvə silahının istehsalı ilə əlaqədar istehkamlar ABŞ Hərbi Hava Qüvvələri tərəfindən dağıdıldıqdan sonra Tramp belə bir bəyanat vermişdi ki, "biz İrana məxsus nüvə silahı istehsalı ilə bağlı hərbi obyektləri məhv etdik və bu, İran hakimiyyətinin ağlını başına yığmasına səbəb olacaq".

Onun sözlərinə görə, İranda dekabr ayının sonundan başlayan iğtişaşlardan, İran hakimiyyəti tərəfindən 16 mindən çox mülki vətəndaşın qətlə yetirilməsindən sonra Tramp dəfələrlə bəyanat vermişdi ki, "biz İrana hücum edəcəyik və İran hakimiyyətinin ağlını başına yığacağıq".

"O, Hərbi Hava Qüvvələrinin döyüşə hazır olduğunu, yolda olduqlarını və buna bənzər digər bəyanatlar da verdi. Tramp son məqamda belə bir açıqlama verdi ki, artıq İran hakimiyyəti ABŞ ilə danışıqlar aparmaq xahişi ilə müraciət edir və təşəbbüs İran tərəfindən gəlir. O bildirdi ki, ABŞ-nin irəli sürdüyü şərtləri İran tərəfi qəbul edib. Bu, xüsusilə nüvə silahının istehsalı və uranın zənginləşdirilməsi ilə bağlıdır ki, böyük ehtimalla İranın həmin proqramdan əl çəkməsi, eləcə də həbsdə olan dinc mülki vətəndaşların qətlə yetirilməməsi ilə bağlı öhdəliklərin götürülməsini nəzərdə tutur. Ancaq indiki mərhələdə bu prosesin nə qədər davam edəcəyini demək mümkün deyil. Bu danışıqların mahiyyəti ondan ibarət olacaq ki, İran hakimiyyəti həbsdə olan vətəndaşları qətlə yetirməsin, nüvə proqramından və ballistik raketlərin istehsalından imtina etsin, hakimiyyət daxilində islahatlara getsin. Bu öhdəliklər gündəmdə ola bilər. Əgər ABŞ İrana hücum edərsə, İran hakimiyyəti əlində olan raketlər vasitəsilə həm İsrailin şəhərlərini və hərbi obyektlərini, həm də ABŞ-nin regionda, xüsusilə Qətərdə və digər yaxın ərəb ölkələrində yerləşən hərbi obyektlərini atəşə tuta bilər. Bu isə regionda ciddi gərginliyə səbəb ola bilər. Tramp bəzən səhər bir söz, axşam isə başqa söz deyir. Yəni bu danışıqların nə nəticə verəcəyi hələ bəlli deyil və bu proses ABŞ-nin İrana hücum etməyəcəyi anlamına da gəlmir. Çünki hazırda həmin regionda ABŞ-yə məxsus hərbi gəmilər mövcuddur və istənilən an İrana hücum edilə bilər", - deyə Yusif Bağırzadə qeyd etdi.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью