Tramp sərhəd xidmətinin əməkdaşı tərəfindən törədilən qətlin araşdırıldığını açıqlayıb

26.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp administrasiyasının 24 yanvar tarixində Minnesota ştatının Minneapolis şəhərində sərhəd xidməti əməkdaşı tərəfindən açılan atəş nəticəsində bir kişinin həlak olması ilə bağlı bütün halları araşdırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, "The Wall Street Journal" qəzetinin yazdığına görə, Tramp müsahibə zamanı sərhədçinin hərəkətlərini düzgün sayıb-saymaması ilə bağlı suala cavab verərkən, “Biz hər şeyi araşdırırıq, aydınlaşdırırıq və nəticəyə gələcəyik”, – deyə qeyd edib. Hadisə nəticəsində 37 yaşlı ABŞ vətəndaşı, tibb qardaşı kimi çalışan Aleks Pretti həyatını itirib.

ABŞ prezidenti atışma hallarına mənfi yanaşdığını vurğulayıb: “Hər hansı atəş açılmasını xoşlamıram. Eyni zamanda, kiminsə etiraza gedərkən üzərində çox güclü, tam doldurulmuş silah və iki dolu daraq gəzdirməsini də bəyənmirəm”, – deyə Tramp bildirib.

Bununla yanaşı, dövlət başçısı miqrasiya xidmətlərinin əməkdaşlarının müəyyən müddətdən sonra Minneapolisdən geri çağırılacağını da istisna etməyib. “Bir vaxt gələcək, biz oradan gedəcəyik. Onlar möhtəşəm iş görüblər. Biz orada maliyyə fırıldaqlarını araşdıracaq başqa bir qrup saxlayacağıq”, – deyə Tramp vurğulayıb. O, həmçinin Kaliforniyada sosial sahədəki dələduzluq hallarının miqyasının Minnesota ilə müqayisədə daha böyük ola biləcəyini də ehtimal edib.

Qeyd edək ki, Minneapolisdə növbəti etiraz dalğası yanvarın 24-də sərhəd xidməti əməkdaşının bir kişini güllələməsindən sonra başlayıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, federal agentlər ondan silahı almağa cəhd göstərərkən ölən şəxs müqavimət göstərib.

Bundan bir neçə həftə əvvəl, yanvarın 7-də isə qeyri-qanuni miqrantların axtarışı zamanı İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşları yolun ortasında dayanan avtomobildə olan qadından nəqliyyat vasitəsindən enməyi tələb ediblər. Avtomobil irəli hərəkət etməyə başlayanda xidmət əməkdaşlarından biri sürücüyə atəş açıb və qadın aldığı güllə yaralarından dünyasını dəyişib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью