Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Vaşinqtonla Pekin arasında danışıqlar masasında bir-birindən gözləntilər və qarşılıqlı tələblər üstünlük təşkil edir. Si Cinpinin ABŞ səfəri iki ölkə arasında ticarətdən Tayvana, İrandan təhlükəsizliyə qədər bir sıra həssas məsələlər üzrə razılaşma imkanlarını gündəmə gətirib. Lakin tərəflərin maraqlarının toqquşduğu əsas istiqamətlər göstərir ki, mümkün anlaşma üçün həm Vaşinqtonun, həm də Pekinin müəyyən güzəştlərə getməsi lazım gələcək.
Mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloqun sözlərinə görə, Donald Tramp da Si Cinpin kimi müzakirə olunan məsələlərlə bağlı razılaşma əldə etməkdə maraqlıdır. Lakin bunun asan olmayacağı görünür:
"Çin lideri Si Cinpinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir. Cinpin ABŞ prezidenti Donald Trampla müxtəlif məsələlərdə razılaşma əldə edəcəyinə ümidlidir. Müzakirə ediləcək əsas mövzular sırasında Tayvan, İran, təhlükəsizlik, ticarət, və süni intellekt yer alıb. Donald Tramp da Si Cinpin kimi müzakirə olunan mövzularla bağlı çinli həmkarıyla razılaşma əldə etmək istəyir. Ancaq bu asan olmayacaq. Tramp "Si Cinpinlə birlikdə çox şeyə nail ola bilərik" desə də, hər iki tərəf razılaşmaların əldə edilməsi üçün güzəştlərə hazır olmalıdır. Cinpin Ağ Evdə çıxışı zamanı bildirib ki, iki ölkə qarşıdurmadan çəkinməlidir. Çin lideri hesab edir ki, iki ölkə arasında sıx dialoq davam etməli, böhran vəziyyətlərdə kommunikasiya və onların qarşısının alınması mexanizmlərini təkmilləşdirməlidir. Bu cümlələrin özü göstərir ki, iki ölkə arasında bir çox mövzuda fikir ayrılığı mövcuddur".
Elxan Şahinoğlu qeyd edib ki, Çin üçün ən həssas məsələlərdən biri Tayvandır. Pekin ABŞ-nin Tayvana silah və hərbi texnika satmasını istəmir. Donald Tramp Tayvana hərbi texnika satışını bir müddət üçün dondurub. Lakin politoloqun fikrincə, bu fasilə müvəqqəti xarakter daşıya bilər:
"Çünki Vaşinqton Pekinin adanı güc yoluyla ələ keçirmək istəyindən narahatdır. Çinin Tayvan ətrafında hərbi təlimlərinin sayını artırması da Vaşinqtonda diqqətlə izlənilir. Pekin üçün Vaşinqtonla razılaşma əldə etmək istədiyi digər mövzu ticarətdir. Son bir neçə ildə iki ölkə arasında faktiki ticarət müharibəsi gedir. ABŞ Çin məhsullarına gömrük rüsumlarını artırıb, Pekin isə nadir torpaq elementlərinin ABŞ-yə satışını məhdudlaşdırıb. Vaşinqton və Pekin bu məsələdə də müvəqqəti "atəşkəs" elan etməyə hazırdır. Ancaq problemin birdəfəlik həlli üçün ABŞ Çinə tətbiq etdiyi gömrük rüsumlarını azaltmalı, Çin isə nadir torpaq elementlərinin ixracına razılaşmalıdır. Vaşinqtonun Pekindən bir başqa istəyi Çinin İranla hərbi əməkdaşlığından imtina etməsidir. Vaşinqtonda hesab edirlər ki, Çin gizli yollarla İrana zəruri hərbi texnika və ABŞ qoşunlarının bölgədəki yerləri barədə peyk görüntüləri göndərir".
Politoloq qeyd edib ki, "The Wall Street Journal" nəşrinin iddiasına görə, İranın ABŞ-nin İordaniyadakı hərbi bazasına endirdiyi zərbə məhz Çinin İrana ötürdüyü peyk görüntüləri vasitəsilə həyata keçirilib:
"Təsadüfi deyil ki, sentyabrın 21-də bir qrup konqresmen Ağ Evə məktub yazaraq Donald Trampın Si Cinpindən İranı dəstəkləməkdən vaz keçməsini tələb edib. Bu arada, ABŞ-də siyasi sığınacaq tapan bir qrup tibetli və onların dəstəkçiləri Si Cinpinin səfərinə etiraz olaraq Vaşinqtonda Konqres binası qarşısında aksiya keçiriblər. Aksiyaya yaxın məsafədə Çin tərəfdarları olanlar da Cinpinə dəstək aksiyası keçiriblər. Si Cinpinin ABŞ-yə əvvəlki səfərində də tibetlilər və uyğurlar etiraz aksiyasi keçirmişdilər. Buna baxmayaraq, Donald Trampın Cinpinlə müzakirə etdiyi mövzular arasında insan haqlarının qorunması yoxdur".