Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Tramp administrasiyası İranla müharibədə qarşısına son dərəcə sərt məqsədlər qoymuşdu. İndi bu sərtlik azalıb”.
“Cebheinfo.az” xəbər verir ki, CNN-in məlumatına görə, münaqişə uzandıqca bu siyahı xeyli azalıb.
ABŞ vitse-prezidenti Ceyns Vens Vaşinqtonun iki əsas məqsədini açıqlayıb. O bildirib ki, ABŞ sabit enerji qiymətlərini qorumaq üçün Fars körfəzindən qlobal bazara neft və qazın davamlı tədarükünü təmin etməli və İranın nüvə silahı əldə etməsinin qarşısını almalıdır:
"Birinci məqsəd neft və qazı ölkə daxilində amerikalılar üçün ucuz saxlamaqdır. Təbii ki, ikinci məqsəd İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməkdir".
Cəmi bir neçə ay əvvəl Tramp administrasiyası daha geniş hədəflər siyahısını açıqlamışdı. Bunlara İranın təslim olması, Tehranda rejim dəyişikliyi, ölkənin nüvə proqramından tamamilə imtina etməsi, Yaxın Şərqdəki müttəfiq silahlı qruplara dəstəyin dayandırılması və İranın raket infrastrukturunun və bəzi hərbi potensialının məhv edilməsi daxildir.
Eyni zamanda, administrasiya rəsmiləri dəfələrlə bu siyahının müxtəlif versiyalarını səsləndiriblər. İndi isə Vaşinqton sabit neft və qaz qiymətlərini əsas məqsəd kimi qeyd edir.
Lakin Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, Vens tərəfindən qeyd edilən hər iki məqsəd Tramp üçün eyni dərəcədə vacibdir.
May ayında Tramp açıq şəkildə bildirmişdi ki, İranla müharibə ilə bağlı qərarlar qəbul edilərkən amerikalıların maliyyə vəziyyəti nəzərə alınmayıb. Daha sonra münaqişə zamanı vətəndaşların xərclərini nəzərə alıb-almadığı soruşulduqda, prezident "Bir zərrə də olsun" cavabını verib.
Daha sonra o, İran ətrafındakı vəziyyətin əhəmiyyətini nəzərə alaraq, benzin qiymətlərində mümkün artıma görə üzr istəməyəcəyini deyib.
Eyni zamanda, Vaşinqton son aylarda İranın nüvə proqramı ilə bağlı tələblərini yumşaldıb. Administrasiya əvvəllər İranın zənginləşdirilmiş uranı təhvil verməsində israr edirdi. İndi isə Tramp bildirib ki, bəzi nüvə materialları yerin dərinliyində yerləşir və onlara girişin mümkün deyil.
ABŞ Prezidenti, həmçinin bildirib ki, Vaşinqton İranın nüvə materiallarına çıxışı bərpa etməyə cəhdinin qarşısını almaq üçün peyklərdən istifadə edəcək.
Ekspertlər bildirirlər ki, əgər neft və qaz qiymətlərinin sabitliyini təmin etmək həqiqətən Vaşinqtonun əsas məqsədidirsə, bu, faktiki olaraq müharibədən əvvəlki vəziyyətə qayıtmaq istəyi deməkdir.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin