Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-da keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının Demokratlar Partiyası qarşısında ciddi məğlubiyyətə uğraması Donald Tramp administrasiyası üçün siyasi zərbədir. Demokratların qubernator seçkilərində, həmçinin Senat və Nümayəndələr Palatası uğrunda mübarizədə respublikaçılar üzərində üstünlük əldə etməsi Trampın həyata keçirdiyi daxili və xarici siyasətə ictimai narazılığın göstəricisidir.
Bu nəticələr göstərir ki, Respublikaçılar Partiyası uzun illər siyasi üstünlüyə malik olduğu bəzi ştatlarda, o cümlədən Texas və Cənubi Karolinada da ciddi siyasi məğlubiyyətə uğradı. Bu, respublikaçılar üçün böyük siyasi zərbə olmaqla yanaşı, partiya daxilində Donald Trampa münasibətdə narazılığın artmasına da səbəb ola bilər. Respublikaçılar partiyasında bir çox siyasətçi bu məğlubiyyətə görə məsuliyyəti Trampın üzərinə qoyacaq.
Artıq yanvar ayından etibarən Donald Tramp üçün daha mürəkkəb siyasi mərhələ başlaya bilər. Demokratlar Konqresdə mövqelərini gücləndirdikləri təqdirdə, Trampa qarşı impiçment təşəbbüsünü də gündəmə gətirə bilərlər. Bu isə onun siyasi fəaliyyət imkanlarını məhdudlaşdıracaq.
Bununla belə, hesab edirəm ki, Amerikanın beynəlxalq və xarici siyasətində köklü dəyişiklik baş verə bilər. Çünki mövcud geosiyasi reallıqlar ABŞ-ın xarici siyasət kursunu müəyyən edən əsas amilləri D. Tramp dəyişib. Donald Trampın Vladimir Putinə qarşı nümayiş etdirdiyi yumşaq münasibət, İran məsələsində Vaşinqtonun mövqeyinin zəifləməsi və Qəzza məsələsində həyata keçirilən siyasət Demokratlar Partiyasının tənqid etdiyi əsas istiqamətlərdir. Demokratlar çalışacaqlar ki, ABŞ-ın beynəlxalq nüfuzunu və ənənəvi müttəfiqləri ilə münasibətlərini bərpa etsinlər.
Azərbaycanla bağlı məsələyə gəldikdə isə düşünürəm ki, Demokratların Konqresdə mövqelərinin güclənməsi anti-Azərbaycan dairələrinin fəaliyyətini müəyyən qədər aktivləşdirə bilər. Lakin onların bu istiqamətdə ciddi siyasi nəticələr əldə edəcəklərini düşünmürəm. Nəzərə almaq lazımdır ki, regionda geosiyasi vəziyyət dəyişib və Ermənistan hökuməti də Azərbaycanla sülh və əməkdaşlıqda maraqlıdır. Bu baxımdan, erməni lobbisinin Demokratlar Partiyası ilə koordinasiyalı şəkildə Azərbaycana qarşı kampaniya aparması əvvəlki dövrlərdə olduğu kimi effektiv nəticə verməyə bilər.
Digər tərəfdən, ABŞ-ın Cənubi Qafqazda mühüm geosiyasi və strateji maraqları var. Vaşinqton regionda Rusiyanın və İranın təsir imkanlarının genişlənməsində maraqlı deyil. Bu amil Amerikanın Azərbaycana və bütövlükdə Cənubi Qafqaza münasibətində mühüm rol oynayacaq.
Ümumilikdə, Donald Tramp üçün siyasi baxımdan «topal ördək» mərhələsi başlaya bilər. Konqresin nəzarət imkanlarının genişlənməsi onun qərarvermə prosesini çətinləşdirəcək. Xüsusilə xarici siyasətdə daha ciddi siyasi müqavimətlə üzləşməsi mümkündür. Düşünürəm ki, Tramp qarşıdakı iki ay ərzində yeni siyasi səhvlərdən yayınmağa çalışacaq. Çünki Konqresdəki qüvvələr nisbətinin dəyişməsi onun impiçmentlə üzləşməsi ehtimalını da gündəmə gətirir.
Məhəmməd Əsədullazadə