Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerika Birləşmiş Ştatlarında Konqresə aralıq seçkilər başlayıb.
“Cebheinfo.az”-ın məlumatına görə, amerikalılar noyabrın 3-də Nümayəndələr Palatasının bütün üzvlərini və Senatda 35 yerə təmsilçini yenidən seçəcəklər.
Bundan başqa, aralıq seçkilərdə 36 ştatda və 3 dairədə 39 yeni qubernator müəyyən ediləcək. ABŞ vətəndaşları bir çox ştatlarda baş prokuror və hakimləri, yerli qanunverici orqanların üzvlərini seçəcəklər.
Səsvermənin nəticələri Donald Trampın prezident kimi ikinci müddəti üçün dönüş nöqtəsi hesab edilir. Demokratlar ABŞ Nümayəndələr Palatasında və Senatında, yaxud hazırda respublikaçılar tərəfindən idarə olunan Konqresin iki palatasından ən azı birində çoxluq qazana bilsələr, bu, Trampın real səlahiyyətlərini, yaxud siyasi təsirini əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
ABŞ Prezidenti Respublikaçı seçicilərin bu seçkiləri ona qarşı şəxsi etimad səsverməsi kimi qəbul etmələri üçün hər şeyi edib.
Seçkilərdən əvvəlki son bir ayda o, prezident seçki kampaniyası üslubunda ABŞ-nin müxtəlif ştatlarında təxminən 20 mitinq və ictimai tədbir keçirib.
Lakin “CNN” bu görüşlərin daha çox “vida turu”na bənzədiyini yazıb. Çünki bu seçki kampaniyası Trampın Respublikaçılar Partiyasının standart daşıyıcısı kimi çıxış etdiyi sonuncu belə tədbirlər ola bilər.
ABŞ Prezidentinin və onun partiyasının reytinqlərinə ən çox təsir edən Amerika seçicilərinin Tramp administrasiyası tərəfindən İrana qarşı başladılan müharibə səbəbindən yaşayış minimumunun və yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə artmasından narazılığı olub.
“Ipsos” beynəlxalq tədqiqat mərkəzinin “Reuters” agentliyi ilə birlikdə keçirdiyi rəy sorğusuna görə, bu problem seçicilər üçün əsas məsələyə çevrilib: respondentlərin 73 faizi ölkədə yaşayış minimumu ilə bağlı vəziyyətin səhv istiqamətdə inkişaf etdiyini bildirib.
Eyni zamanda, Trampın reytinqi oktyabr ayında rekord səviyyədə azalaraq 31 faizə düşüb və seçkilərdən bir həftə əvvəl cəmi bir faiz bəndi artaraq 32 faizə qalxıb.
Araşdırmalar həmçinin göstərir ki, oktyabrın sonunda qeydiyyatdan keçmiş seçicilərin 47 faizi Demokratlara, yalnız 36 faizi Respublikaçılara səs verməyə hazırdır.
Lakin ABŞ seçki sisteminin reallıqları daha mürəkkəbdir.
“Ümumi səsvermə sorğuları, respondentlərin Konqresdə hansı partiyanı hakimiyyətdə görmək istədikləri barədə ölkə üzrə təsəvvür yaradır. Bu cür sorğular ölkənin ümumi əhval-ruhiyyəsini əks etdirsə də, ayrı-ayrı ştatlarda və seçki dairələrində mübarizənin nüanslarını nəzərə almır. Senata və Nümayəndələr Palatasına kimin nəzarət etdiyini məhz onlar müəyyən edir”, - deyə “Reuters” seçkiqabağı sorğunun məlumatlarını şərh edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin