Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Ukraynaya Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulan zəmanətlərə bənzər təhlükəsizlik təminatlarının verilməsini müzakirə etməyə hazır olması irəliyə doğru mühüm addımdır və Moskvanın sülhə nail olmaq niyyətinin ciddiliyini göstərə bilər.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Ukraynaya bu cür təhlükəsizlik zəmanətlərinin verilməsi imkanını nəzərdən keçirməyə hazır olması davamlı sülhün əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
"5-ci maddəyə bənzər, çəkindirmə və hərbi insidentlərin qarşısının alınması mexanizmləri ilə dəstəklənən etibarlı zəmanətlər yeni müharibə riskini əhəmiyyətli dərəcədə azalda bilər", – Kuşner bildirib.
Xüsusi nümayəndə Ukrayna Prezidenti Volodimir Zelenskinin təhlükəsizlik zəmanətlərinin konkret sənədlərlə təsbit olunmasının vacibliyi barədə mövqeyini dəstəkləyib: "Prezident Zelenski bu zəmanətlərin konkret, etibarlı və aydın şəkildə sənədləşdirilməli olduğunu söyləməkdə haqlıdır".
Kuşner qeyd edib ki, söhbət ABŞ-nin üzərinə götürə biləcəyi ən mühüm öhdəliklərdən birindən gedir. Buna görə də belə zəmanətlərin verilməsi məsələsi hərtərəfli nəzərdən keçirilməlidir.
Onun sözlərinə görə, təklif olunan istənilən zəmanət Trampın təsdiqini almalı, ABŞ Konstitusiyasında nəzərdə tutulan prosedurlara və Konqresin tələblərinə uyğun olmalıdır. ABŞ lideri isə yalnız bu addımın ölkəsinin milli maraqlarına uyğun olduğuna əmin olduğu və təhlükəsizlik mexanizmlərinin zəmanətlərin tətbiqini son dərəcə az ehtimallı etdiyi halda buna razılıq verəcək.
Kuşner Avropada mövcud təhlükəsizlik institutlarının gücləndirilməsinin və hazırkı münaqişənin qarşısını ala bilməyən mexanizmlərdəki çatışmazlıqların aradan qaldırılmasının vacibliyini də qeyd edib.
Onun fikrincə, yeni razılaşmalar daimi məsləhətləşmə və böhran kommunikasiyası kanallarını, hərbi insidentlərin qarşısının alınması mexanizmlərini, şəffaflığın artırılmasını və gərginliyin azaldılması üzrə qarşılıqlı tədbirləri əhatə etməlidir.
"Biz Ukraynanın təhlükəsiz olduğu, Avropanın daha da gücləndiyi, Rusiyanın NATO-nun qarşıdurma axtarmadığına əmin olduğu, NATO və tərəfdaşlarının isə Rusiyanın qonşularının suverenliyinə və təhlükəsizliyinə hörmət etdiyinə inandığı gələcəyə çalışırıq", – o yazıb.
Xüsusi nümayəndə istənilən razılaşmanın iştirakçı dövlətlərin suverenliyini və müstəqil qərar qəbul etmək hüququnu qoruyub saxlamalı olduğunu bildirib.
Bundan başqa, Kuşner Ukraynanın uzunmüddətli iqtisadi inkişafı üçün islahatların aparılmasını, dövlət institutlarının gücləndirilməsini və iqtisadi müstəqilliyin artırılmasını nəzərdə tutan planın hazırlanmasının vacibliyini vurğulayıb.
O əlavə edib ki, ABŞ və Avropanın göstərəcəyi əhəmiyyətli maliyyə dəstəyi Ukraynanın öz inkişafını təmin etmək istiqamətində səyləri ilə müşayiət olunmalıdır.
Kuşnerin sözlərinə görə, aydın öhdəliklər, qarşılıqlı zəmanətlər və onların icrasını təmin edən etibarlı mexanizmlər sisteminin yaradılması tərəflərin sülhə nail olmaq üçün zəruri addımları atmağa hazır olduğuna inamı artıra bilər.
"Heç nə hər şey razılaşdırılana qədər razılaşdırılmış hesab edilmir. Bununla belə, bu tarixi məsələləri müzakirə etməyə hazır olmaq qan tökülməsini dayandırmaq üçün mühüm imkan yaradır", – o vurğulayıb.
Kuşner, həmçinin Trampın "könüllülər koalisiyası"nın liderləri ilə söhbəti zamanı səsləndirdiyi fikirləri xatırladıb. ABŞ Prezidenti müharibəyə xərclənən yüz milyardlarla dolların iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaradılmasına, enerji qiymətlərinin aşağı salınmasına və infrastrukturun gücləndirilməsinə yönəldilə biləcəyini bildirib.