Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Vaşinqtonun danışıqlar prosesində yol verdiyi səhvlər müharibənin dayandırılması imkanlarını zəiflədib..."
ABŞ prezidenti Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Ukraynadakı müharibənin tezliklə dayandırılmasını xarici siyasətinin əsas prioritetlərindən biri elan etmişdi. Lakin aradan keçən müddət ərzində danışıqlar prosesində ciddi irəliləyiş əldə olunmayıb və döyüş əməliyyatları davam edir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Responsible Statecraft" nəşrində dərc olunan məqalədə deyilir.
Əsas diqqət yanlış məsələyə yönəldilib
Nəşr yazır ki, Vaşinqtonun danışıqlar strategiyasında bir sıra ciddi səhvlərə yol verib. Məqalə müəllifi Cennifer Kavanonun fikrincə, ABŞ diplomatiyasının əsas səhvlərindən biri danışıqlarda ərazi məsələsini ön plana çıxarması olub.
Müəllif hesab edir ki, münaqişənin kökündə ilk növbədə təhlükəsizlik və geosiyasi amillər dayanır. Buna baxmayaraq, Vaşinqton uzun müddət ərazi güzəştlərini mümkün sülh sazişinin əsas elementi kimi təqdim edib. Nəticədə tərəflərin kompromisə gəlməsi daha da çətinləşib.
Reallaşması çətin vədlər vəziyyəti mürəkkəbləşdirib
Məqalədə qeyd olunur ki, ABŞ həm Ukraynaya, həm də Rusiyaya reallıqdan uzaq gözləntilər formalaşdıran siqnallar verib. Bir tərəfdən Kiyevə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları barədə danışılıb, digər tərəfdən isə Rusiyada Ukraynanın müəyyən ərazilərlə bağlı güzəştlərə məcbur ediləcəyi təsəvvürü yaranıb. Müəllifin fikrincə, bu cür yanaşma tərəfləri daha realist kompromislərdən uzaqlaşdırıb və danışıqların dalana dirənməsinə səbəb olub.
Bütün tərəflər eyni masa arxasında olmalıdır
Kavano hesab edir ki, ABŞ-ın növbəti səhvi danışıqlar prosesinə bütün maraqlı tərəfləri tam şəkildə cəlb etməməsi olub. Bu isə həm Avropada, həm Ukraynada, həm də Rusiyada qarşılıqlı şübhələri artırıb. Məqalə müəllifinin qənaətinə görə, sülh prosesinin canlandırılması üçün Vaşinqton ərazi məsələsini ikinci plana keçirməlidir.
Eyni zamanda tərəflərə real gözləntilər təqdim etməli və danışıqlara münaqişədə marağı olan bütün tərəfləri cəlb etməlidir. Ekspert xəbərdarlıq edir ki, vaxt keçdikcə vəziyyət daha da mürəkkəbləşir və sabah əldə ediləcək mümkün razılaşma bu gün mümkün olan razılaşmadan daha əlverişsiz ola bilər.