Tramp Ukraynanı kapitulyasiyaya məcbur edir? AÇIQLAMA

23.01.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın təhlükəsizlik zəmanətləri barədə sazişi imzalamağa hazır olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, o,  ABŞ Prezidenti Donald Trampdan tarix və yer gözləyir.

Bəs belə bir sazişin imzalanması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az politoloq Samir Hümbətovun fikirlərini təqdim edir:

"Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasından belə başa düşürəm ki, artıq Ukrayna şərtləri qəbul edib. Belədirsə, demək, bu ərazilərin Rusiyanın işğalında qalmasına müəyyən dərəcədə razılıq bildirir. Amma bu, təhlükəsizlik zəmanəti verməyəcək. İş bununla bitəcəkmi? Xeyr. Çünki Rusiyanın məqsədi Ukraynanın bir hissəsini qopartmaq deyil. Rusiyanın məqsədi ümumilikdə Ukraynanı işğal etməkdir. Rusiya Prezidenti Vladimir Putinin yanaşmasına görə, hara Rusiya əsgərinin ayağı dəyibsə, ora Rusiya ərazisidir. Yəni ortada konkret məqsəd var. Bu isə o deməkdir ki, söhbət müvəqqəti nəzarət məsələsindən getmir. ABŞ-də hələlik Tramp administrasiyasının dövrüdür. Trampın özü də bu məsələ ilə ciddi məşğul olmur. Yəni Tramp artıq Rusiya–Ukrayna müharibəsinin həllinə əvvəlki qədər səy göstərmir".

Müsahibimiz Avropa İttifaqının məsələdəki mövqeyinə də toxundu:

"Avropa İttifaqının mövqeyi nə olacaq? Avropa İttifaqı Ukraynanın bu cür təslim olmasına razı olacaqmı? Bu, özü böyük sualdır. Bunların hamısı Ukraynanın, ABŞ-nin və Rusiyanın qarşısında açıq qalan məsələlərdir ki, hələ cavabı bilinmir. Bu, sülh müqaviləsi deyil, Ukraynanın kapitulyasiya aktını qəbul etməsi olar. Düşünürəm ki, belə olan halda Ukrayna dövlət olaraq ciddi itkilərə məruz qalacaq. Ukraynanı bu itkilərdən çıxarmaqla bağlı hər hansı bir təhlükəsizlik təminatını kiminsə verəcəyi real görünmür. Eləcə də Rusiyanın Ukraynanı tutduqdan sonra Avropanın digər ölkələrinə doğru maraq göstərməyəcəyinə dair heç kim təminat verə bilməz. Bu məsələlərin hamısı açıq qalan mövzulardır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью