Tramp və Zelenski arasında gərginlik Ukraynanın müdafiə imkanlarını zəiflədə bilər

20.10.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaranan qarşıdurma Ukraynanın özünümüdafiə imkanlarını zəiflətmək təhlükəsi yaradır. Bu gərginlik, ilk növbədə, Avropa ölkələrinin maliyyələşdirdiyi PURL proqramı çərçivəsində Ukraynaya silah tədarükünü risk altına qoyur. Nəticədə Kiyev Rusiya ilə müharibənin başa çatdırılması üçün ağır şərtlərlə razılaşmağa məcbur edilə bilər.

“Bloomberg” agentliyinin yazdığına görə, NATO-nun yüksək vəzifəli nümayəndələri Vaşinqtonla Kiyev arasındakı münasibətlərin bərpasının artıq çətinləşdiyindən narahatdırlar. Vəziyyətlə tanış olan mənbənin bildirdiyinə görə, alyans rəsmiləri hesab edirlər ki, münasibətlərdəki gərginliyin davam etməsi Ukraynanın müdafiə strategiyasına ciddi zərbə vura bilər.

NATO nümayəndələri Ukrayna tərəfini ABŞ-la münasibətlərdəki gərginliyi azaltmağa çağırıblar. Nəşrin məlumatına görə, Zelenski bu istiqamətdə addım atmasa, Trampın gözlənilməz qərarları səbəbindən Avropa ölkələrinin əsasən maliyyələşdirdiyi PURL proqramı çərçivəsində Amerika silahlarının tədarükü də təhlükə altına düşə bilər.

Mənbələrdən birinin sözlərinə görə, Avropa ölkələri pərdəarxası diplomatik təmaslar vasitəsilə Tramp administrasiyası ilə münasibətləri qaydaya salmağa çalışırlar. Bununla belə, hazırda Vaşinqtona səfər planı yoxdur. Halbuki əvvəllər Tramp və Zelenski arasında oxşar fikir ayrılıqları yarandıqda Avropa liderləri ABŞ-a səfərlər edərək vəziyyətin normallaşdırılmasına çalışıblar.

Tramp Avropa liderlərinin Ukraynaya yardımın əsas maliyyə yükünü öz üzərlərinə götürməsini tələb edir. Bununla yanaşı, o, Kiyevə təzyiqləri artırır. Bir sıra analitiklərin, eləcə də Konqresdəki respublikaçı müttəfiqlərinin getdikcə daha çoxunun fikrincə, ABŞ Prezidenti bu siyasəti münaqişədə yanlış tərəfi dəstəkləməklə həyata keçirir.

Məlumata görə, Vaşinqton yalnız Ukraynaya hücum xarakterli silahların tədarükünü məhdudlaşdırmaqla kifayətlənmir, həm də hava hücumundan müdafiə sistemləri kimi mühüm müdafiə vasitələrinin imkanlarını zəiflədə biləcək addımlar atır.

ABŞ dövlət katibi Marko Rubio bazar günü jurnalistlərin iki administrasiya arasında münasibətlərin bərpasının mümkünsüz olub-olmaması ilə bağlı sualını birbaşa cavablandırmayıb. O, Trampın əsas məqsədinin müharibəyə son qoymaq olduğunu vurğulayıb.

“Tramp münaqişənin başa çatmasına nail olmaq üçün əlindən gələni etməyə hazırdır. Hətta bunun üçün hər iki tərəfi belə bir nəticəyə gəlməyə sövq etmək lazım gəlsə belə”, – deyə Rubio bildirib.

Tramp Ukraynanı dekabra qədər sülh sazişinə razı salmaq istəyir

“Vaşinqton Post” qəzetinin məlumatına görə, Donald Tramp Ukraynanı dekabr ayına qədər sülh sazişi imzalamağa məcbur etmək niyyətindədir. ABŞ Prezidenti həmin ay Mayamidə keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammitinə Rusiya Prezidenti Vladimir Putini dəvət edib.

Bu arada Moskvanın Tramp administrasiyasının mövqeyindən istifadə edərək Ukraynanı Donbasdan imtina etməyə razı salmağa çalışdığı bildirilir.

“The New York Times” qəzeti isə yazır ki, Tramp Ukraynaya sülh sazişini qəbul etdirmək və ölkənin şərqindəki ərazilərin bir hissəsindən imtina etməsinə nail olmaqda qətiyyətlidir. Nəşrin məlumatına görə, ABŞ tərəfi Kiyevə belə bir razılaşmanın iqtisadi fayda gətirə biləcəyini əsas gətirir.

Vaşinqtonun yanaşmasına görə, Ukrayna bunun müqabilində müəyyən iqtisadi imkanlar əldə edə bilər. Bunun üçün isə Kiyev indiyədək dəyişməz mövqe kimi təqdim etdiyi “qırmızı xətlərindən” geri çəkilməlidir.

Beləliklə, ABŞ və Ukrayna rəhbərlikləri arasında münasibətlərin kəskinləşməsi təkcə hərbi yardımların gələcəyini deyil, həm də müharibənin hansı şərtlərlə başa çatacağını müəyyənləşdirə biləcək əsas amillərdən birinə çevrilir. Kiyevin qarşısında isə həm müdafiə imkanlarını qorumaq, həm də beynəlxalq tərəfdaşlarla münasibətlərdə yaranan gərginliyi aradan qaldırmaq kimi mürəkkəb vəzifələr dayanır.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью