Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın administrasiyası İran müharibəsindən sonrakı dövr üçün Yaxın Şərqdə yeni strategiya hazırlayır.
KONKRET.az xəbər verir ki, bu barədə Axios iki ABŞ rəsmisi və müzakirələrdən məlumatlı digər iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hələ ilkin hazırlanma mərhələsində olan strategiyanın əsas məqsədi İranı cilovlamaq, ABŞ-ın regiondakı müttəfiqləri arasında əməkdaşlığı genişləndirmək və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşmasını sürətləndirməkdir.
Planın ABŞ-ın İran müharibəsi başa çatdıqdan sonra Yaxın Şərq siyasətinə, eləcə də Trampın prezidentlik müddətinin son iki ilinə istiqamət verməsi nəzərdə tutulur.
Mənbələr bildiriblər ki, strategiyanın hazırlanması həm administrasiyanın yüksək səviyyəsində, həm də müxtəlif dövlət qurumları arasında aparılır. Tramp son həftələrdə yüksək səviyyəli müşavirləri ilə ən azı iki görüş keçirərək planla bağlı fikir mübadiləsi aparıb.
Strategiyanın mümkün istiqamətləri arasında ABŞ-ın təminat verdiyi regional ittifaq vasitəsilə İranın müharibədən sonrakı təsirinin məhdudlaşdırılması, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması və “İbrahim razılaşmaları”nın genişləndirilməsi də var.
Bundan əlavə, Qəzza müharibəsinin regional nəticələrinin aradan qaldırılması, İsrail-Suriya arasında təhlükəsizlik razılaşmasının əldə olunması və İsrail-Livan razılaşmalarının həyata keçirilməsi də gündəmdədir.
Axios-un məlumatına görə, strategiyanın tam formalaşması bir neçə həftə çəkə bilər. ABŞ administrasiyası İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkilərindən sonra qurulacaq hökumətin də bu plana qoşulmasını gözləyir.
Günay Əli
KONKRET.az