Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Koliforniyada yaşayan İran Türkləri Konqresinin rəhbəri Əlirza Amir Nəzmi Avşar ABŞ Prezidenti Donald Trampa məktub yazaraq, Azərbaycana qarşı çağırış edib.
Axar.az xalq şairi Sabir Rüstəmxanlının Əlirza Amir Nəzmi Avşara açıq məktubla cavabını təqdim edir: ABŞ. Koliforniya.
İran Türkləri Konqresinin direktoru Əlirza Amir Nəzmi Avşara Hörmətli Əlirza bəy!
Amerika Birləşmiş Ştatlarından güneyli bir dostum Sizin mart ayının 14-də Prezident Trampa yazdığınız və surətini ABŞ-ın vitse-prezidentinə, Konqresin spikerinə, dövlət katibinə, Təhlükəsizlik Xidmətinə və bəzi senatorlara ünvanladığınız məktubun surətini mənə göndərdi.
Sizi təcrübəli bir insan kimi tanıdığıma görə elə bildim, dünya liderlərindən birinə xalqımızın taleyi, yəni parçalanması, öz torpaqladından (Qərbi Azərbaycandan) deportasiya edilməsi, İranda milli zülm altında olması, Güney Azərbaycanın sərvətlərinin fars-erməni birliyi tərəfindən vəhşicəsinə talanması, süni surətdə yaradılan böyük Urmi ekoloji fəlakəti, fars-molla rejiminin 50 milyon İran türkünü öz ana dilində yazıb-oxumaqdan və ən adi insan haqlarından məhrum etməsi, ABŞ-ın dəstəklədiyi silahlı PKK terror çətələrinin İranda türkləri öz torpaqlarından sıxışdırması kimi milli problemlərimiz haqqında məlumat verəcək, ABŞ-İran siyasətində sadaladığım məsələlərin də nəzərə alına biləcəyini vurğulayacaqsınız.
Düzdür, D.Tramp sizin dediyinizlə oturub-durmayacaq, lakin onun bəyanatlarından göründüyü kimi, siyasi proqramlarında yer alan ölkələrdən biri də İrandır və bu ölkənin daxili durumunu daha yaxşı bilməsi işin xeyrinə olar.
Təəssüf ki, siz İran türklərinin taleyini bir kənara qoyub, dünya azərbaycanlılarının hələ ki yeganə dövləti olan Azərbaycan Respublikasını və onun iqtidarını hədəfə çevirərək, yaşınıza-başınıza yaraşmayan, qeyri-dəqiq məlumatlarla, yalan və böhtanla dolu olan bir şikayət məktubu yazmısınız.