GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Davosda çıxışı zamanı ölkəsinin sadəcə Qrenlandiyanı istədiyini və bunun üçün güc tətbiq edilməcəyini bildirib.
Tramp İkinci Dünya müharibəsində əldə olunan qalibiyyətdən sonra ABŞ-ın Qrenlandiyanı Danimarkaya verdiyini söyləyib. Ağ Ev rəhbəri qeyd edib ki, ölkəsinin strateji maraqlar, milli və beynəlxalq təhlükəsizlik səbəbindən bu əraziyə ehtiyacının olduğunu vurğulayıb.
“New York Times”ın məlumatına görə, Danimarkanın ABŞ-a Qrenlandiyada müəyyən ərazilər üzərində hərbi bazalar yerləşdirməsi üçün suverenlik verə biləcəyi kompromis variant müzakirə olunur. Bu fikir Kiprdəki Britaniya bazaları ilə müqayisə edilir.
Bundan əlavə, ABŞ Prezidentinin sözlərinə görə, NATO ölkələrinin hərbi xərcləri məhz onun təzyiqlərindən sonra artıb. Tramp deyib ki, Avropa Ukrayna münaqişəsinin həlli ilə məşğul olmalıdır.
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, hazırda yeni dünya nizamının formalaşması prosesi gedir:
“Bu proses təsir dairələrinin yenidən bölüşdürülməsi ilə, daha doğrusu ABŞ-ın təsir dairələrinin artırılması ilə müşayiət olunur. Artıq Vaşinqtonun Amerika qitəsində üstünlüyünü təmin etmək üçün Venesuelada hərbi yola baş vurduğunu gördük. Lakin Avropanın şimalında, Artik zonada ABŞ-ın hərbi-strateji üstünlüyünü təmin etməsi üçün buradakı Avropa İttifaqından olan ortaqlarının, daha dəqiq desək, Danimarkanın razılığı lazımdır. Danimarka isə Arktik ərazini əhatə edən Qrenlandiyanın satılıq olmadığını, o cümlədən hərbi yolla da işğal edilə bilməcəyini bildirir.
ABŞ və Avropa strateqləri anlayır ki, Vaşinqton NATO üzvünə hərbi hücum edərsə, bu, Atlantik Alyansının məhvi demək olar. Odur ki, tərəflərin mövzuya dair razılığa gələ biləcəklərini təxmin etmək mümkündür. Bu çərçivədə 1951-ci ildə Qrenlandiyanın müdafiəsinə dair Sazişin 75 ildən sonra yenilənəcəyi və ABŞ-a Arktik Zonanın Danimarkaya aid hissəsində, yəni Qrenlandiyada hərbi bazalarını genişləndirmək və nəzarəti gücləndirmək haqqının tanınacağı, lakin burada Danimarkanın suverenliyinin də qorunacağı gözlənilir. Beləliklə, hər iki tərəf istəyinə nail olacaq. Yəni, plan budur. Tramp hər zaman istəyinə nail olmaq üçün öncə maksimum təzyiq edir. Odur ki, “istənilən yolla Qrenlandiyanı alacağıq” ritorikasını siyasi təzyiq adlandırmaq olar. Bu ritorika eyni anda ABŞ-ın bir neçə məqsədinə xidmət edir. Tramp Davosda bunu açıq şəkildə dilə gətirdi”.
Şəhla Cəlilzadə
Siyasi şərhçi bildirib ki, ABŞ-ın təhlükəsizliyi və təsir gücü genişləndirilir:
“Məhz ABŞ-ın təzyiqləri ilə NATO-nun digər üzvlərinin hərbi büdcələrini artırdıqlarını, başqa ifadə ilə Alyansın hərbi gücünü Avropa cəbhəsində gücləndirdiyini müşahidə edirik. Məsələn, Trampın birinci prezidentliyi dövründə cəmi 3 NATO ölkəsi (ABŞ, Böyük Britaniya, Yunanıstan) hərbi xərclərini ÜDM-in 2 faiz həddinə çatdırmışdısa, 2017-ci ildə 5 ölkə, 2020-ci ildə 9 ölkə, 2024-cü ildə 23 ölkə, 2026-cı il etibarilə demək olar ki, bütün NATO ölkələri (İslandiya istisna 31 ölkə, çünki onun peşəkar ordusu yoxdur) hərbi büdcəsini bu həddə çatdırıb. Hətta Tramp artıq 5 faiz tələbi qoyub.
Ötən ilin iyununda baş tutan, NATO-nun 75 illiyinə həsr olunan Haaqa Zirvəsində 2035-dək NATO ölkələrinin hamısının hərbi büdcəsini ÜDM-in 5 faizinə çatdıracağı razılaşdırıldı. ABŞ-ın Qrenlandiyanı “işğal” ritorikası həm də Avropanı hərbi gücünü artırmağa sövq edir.
Beləliklə, yeni dünya nizamında regional fraqmentasiya meylləri artacaq, Avropa öz hərbi gücü ilə regional məsələləri ABŞ-ın, o cümlədən kollekiv Qərb maraqları kontekstində həll edəcək. Həmçinin Çinlə ABŞ arasında gələcək toqquşma ssenariləri artıq neçə illərdir ki, müzakiər olunur. NATO ölkələrinin hərbi büdcələrini artırması, Avropa cəbhəsinin gücləndirilməsi və s. Qərbin böyük hazırlıq prosesi içərisinə daxil olması məhz qarşıda gözlənilən təhlükələr kontekstində daha dərin məna kəsb edir”.
Turan Rzayev
Globalinfo.az