Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabr ayında keçiriləcək ara seçkilərdə Konqresin hər iki palatasına nəzarəti ələ keçirəcəyi təqdirdə, ölkənin hər bir yetkin vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Texasda Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı danışıb.
ABŞ lideri bildirib ki, Respublikaçılar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda seçkilərdə qalib gəlsə, hər bir yetkin Amerika vətəndaşına 5 min dollar dividend veriləcək.
“Əgər Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də ABŞ Senatında, hər iki palatada seçkilərdə qalib gəlsələr, mən Amerika Birləşmiş Ştatlarının hər bir yetkin vətəndaşına 5 min dollar məbləğində dividend ödəyəcəyəm”, - deyə Tramp bildirib.
Prezident əlavə edib ki, Demokratlar Partiyasının seçkilərdə qalib gəlməsi ABŞ-nin “kommunist ölkəsi”nə çevrilməsinə səbəb olacaq.
Tramp həmçinin Demokratların qələbəsi halında amerikalıları “cəhənnəm” ssenarisinin gözlədiyini deyib.
Aminə ŞAHSUVARQIZI