Trampdan İranla bağlı təhlükəli iddia

09.10.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran nüvə silahı yaratmağa cəmi bir neçə həftə qalmışdı və bu silahı təkcə İsrailə deyil, digər dövlətlərə qarşı da istifadə edə bilərdi.

Onun sözlərinə görə, Tehranın ilk hədəfi İsrail olardı, lakin sonradan Avropa ölkələri və ABŞ-ın özü də təhlükə ilə üzləşə bilərdi.

Tramp iddia edir ki, ABŞ-ın zərbələri olmasaydı, İran artıq iki-üç həftə ərzində nüvə silahı əldə edə bilərdi. Ağ Evin rəhbərinin sözlərinə görə, Amerikanın B-2 strateji bombardmançılarından istifadə edilməsi Yaxın Şərqdə genişmiqyaslı fəlakətə səbəb ola biləcək hadisələrin qarşısını almağa imkan verib. Tramp əmindir ki, İran rəhbərliyi nüvə arsenalına sahib olmaqla kifayətlənməz, qısa müddət ərzində ondan hücum məqsədilə istifadə edərdi.

ABŞ prezidenti bildirib ki, ilk zərbə İsrailə endirilərdi. Onun qiymətləndirməsinə görə, bu ölkə tamamilə məhv olmaq təhlükəsi ilə üzləşərdi. Lakin Tehranın ehtimal edilən planları bununla bitməzdi. Tramp hesab edir ki, İsraildən və Yaxın Şərqin digər ölkələrindən sonra İranın aqressiyası Avropa dövlətlərinə və ABŞ-a yönələ bilərdi. Amerika lideri mümkün İran raketlərinin hədəfləri kimi Los-Anceles və San-Dieqonun da adını çəkib. Onun sözlərinə görə, bu şəhərlərin coğrafi mövqeyi onları potensial zərbə istiqamətləri baxımından əlverişli edə bilərdi.

Tramp, həmçinin Avropanın ABŞ-dan daha əvvəl hücuma məruz qala biləcəyini də istisna etməyib. Prezident vurğulayıb ki, keçirilən hərbi əməliyyat sayəsində artıq belə bir ssenaridən narahat olmağa ehtiyac yoxdur. O, İranın nüvə silahı əldə etməyəcəyinə dair vədini bir daha təkrarlayıb və ehtimal edilən təhlükənin miqyasını nəzərə alaraq Vaşinqtonun addımlarını əsaslandırılmış adlandırıb.

Maraqlıdır ki, bu bəyanatlar ABŞ və İran arasında diplomatik təmasların davam etdiyi bir vaxtda səsləndirilib. Bir gün əvvəl Tramp ABŞ-ın İrana təzyiqləri davam etməsinə baxmayaraq, Tehranla aparılan danışıqları məhsuldar adlandırıb. O, İranın iqtisadi və hərbi vəziyyətini son dərəcə ağır kimi qiymətləndirib və qüvvədə olan blokadanın davam edəcəyini təsdiqləyib. ABŞ prezidenti Hörmüz boğazından böyük həcmdə neft daşımalarının davam etdiyini də bildirib. Onun təqdim etdiyi məlumatlara görə, cəmi bir gecə ərzində daşınan neftin həcmi 22 milyon barrelə çatıb. Bu daşımaların tərkibində İran nefti olmayıb.

Eyni zamanda, Tramp noyabrın 3-nə təyin edilmiş Konqresə aralıq seçkilər keçirilənədək ABŞ-ın İrana yeni zərbələr endirmək niyyətində olmadığını açıqlayıb.

Bu fonda Vaşinqtonun hərbi planlarını dəyişdirdiyinə dair məlumatlar yayılıb. Axios nəşrinin amerikalı rəsmilərə istinadən jurnalist Barak Raviddən əldə etdiyi məlumata görə, Pentaqon ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasına hazırlığı dayandırmaq barədə göstəriş verib.

N.Talıblı

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью