Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət razılaşmasının əldə olunmasına çox yaxın olduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp seçki kampaniyası çərçivəsində səfər etdiyi Ayova ştatının hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Kanadanın Baş naziri Mark Karni ilə görüşü barədə suala cavab verən Tramp deyib: “Kanada ilə razılaşma üçün çox yaxşı bir konsepsiyamız var. Biz uzun müddətdir, 70-75 ildir ki, Kanadaya görə pul itiririk. İndi isə razılaşmaya çox yaxınıq”.
ABŞ prezidenti potensial razılaşmanın şərtlərindən də danışıb. Onun sözlərinə görə, müqaviləyə əsasən, amerikalı fermerlər tarif ödəməyəcək, Kanada hökuməti isə “Keystone XL” neft kəmərinin tikintisini həyata keçirəcək. Tramp razılaşmanın Kanada üçün də müsbət nəticələr verəcəyini bildirib.
Kanadanın Baş naziri Mark Karni də ötən gün Trampla iki ölkə arasında ticarətin gələcəyini müzakirə etdiyini və söhbətin yaxşı keçdiyini açıqlayıb.
Qeyd edək ki, Tramp əvvəllər ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Co Baydenin ekoloji səbəblərlə dayandırdığı “Keystone XL” neft kəmərinin tikintisinin tərəfdarı olduğunu bildirmişdi.
Mayın 1-də Tramp ABŞ və Kanada sərhədindən neft və neft məhsullarının daşınmasını nəzərdə tutan boru kəməri layihəsinə icazə verib.
Aytən Yaşar/ Turkustan.az